Accessibility links

Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib


Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevi nazirliyə dəvət edib. Tərəflər Qazaxıstanın Aktau aeroportu yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasından sonra Azərbaycan nəşrlərində aparılan "antirusiya kampaniyasını" müzakirə edib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Rusiya tərəfi 22 fevral 2022-ci ildə ən yüksək səviyyədə imzalanmış Bəyannamə əsasında Rusiya ilə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda qurulmasının hər iki ölkənin milli maraqları baxımından qeyd-şərtsiz vacibliyini vurğulayıb.

“Bununla bağlı, Azərbaycan mediasında son zamanlar bir sıra anti-Rusiya nəşrləri, eləcə də Bakıda Rusiya Evinə qarşı aparılan dezinformasiya kampaniyası barədə çaşqınlıq ifadə olunur. İttihamların mütləq əsassızlığı qeyd olunub. 25 dekabr 2024-cü ildə Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarının təyyarəsinin qəzaya uğraması mövzusunu müzakirə edərkən Rusiya tərəfi Aktau faciəsinin bütün hallarını aydınlaşdırmaq üçün rəsmi istintaqın başa çatdırılması və nəticələrinin dərc edilməsinin zərurətini vurğulayıb”, Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Dekabrın 25-də Aktau yaxınlığında, Bakı-Qroznı reysini həyata keçirən AZAL-ın sərnişin təyyarəsi məcburi eniş edərkən qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırma Mərkəzinin (Cenipa) mütəxəssisləri qəzaya uğramış AZAL Hava Yollarına məxsus Embraer 190 təyyarəsinin qara qutularını təhlil ediblər. Təyyarənin uçuş reqistratorlarının (qara qutularının) şifrəsinin açılması 2025-ci il yanvarın 7-də başa çatıb. Təyyarənin şifrəsi açılmış uçuş qeydləri yanvarın 15-də Braziliyadan Qazaxıstana gətirilib.

ICAO Konvensiyasına uyğun olaraq qəzanın təhqiqatına Qazaxıstan rəhbərlik edir. İşdə Azərbaycan, Rusiya mütəxəssisləri, beynəlxalq ekspertlər və Embraer şirkətinin nümayəndələri iştirak edir.

Azərbaycan mediası, həmçinin Euronews və Reuters Rusiya hava hücumundan müdafiə sistemindən atılan raketin fəlakətə səbəb olması barədə materiallar dərc edib.

Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Dekabrın 29-da Prezident İlham Əliyev bildirib ki, Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında Azərbaycanın mülki təyyarəsi kənar təsirə məruz qalaraq zədələnib və idarəetməni praktiki olaraq itirib. Onun sözlərinə görə, təyyarə elektron idaretmə vasitəsi ilə idarəolunmaz hala salınıb.

Bundan başqa, Azərbaycan Prezidenti Rusiyaya qarşı üzr istənilməsini, günahkarların cəzalandırılmasını və kompensasiya verilməsi tələblərini irəli sürüb. Rusiya Prezidenti üzr istəsə də digər iki tələbin yerinə yetirilib-yetirilməyəcəyi ilə bağlı hələ rəsmi açıqlama yoxdur.

Yanvarın 14-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qara qutularının oxunması mətbuatda verilən bəzi ilkin qənaətləri təsdiqləmir.

“Braziliyada xüsusi iclas keçirildi, biz qara qutuları açdıq, onların məzmunu artıq çoxlu maraqlı məlumatlar təqdim edib, məzmunu bizi bir daha inandırır ki, tam hüquqi bir görüş gözləmək lazımdır”, o qeyd edib.

Baş diplomat deyib ki, indi qara qutuların məlumatı ilə təsdiqlənməyən məlumatlardan istifadə edərək media məkanında atmosferi qarışdırmağa ehtiyac yoxdur.

Bu bəyanatdan sonra Azərbaycan mediasında, ictimai və sosial media müzakirələrində Rusiyaya qarşı tənqidi və ittihamedici materiallar dərc edilib. Hətta hökumətə yaxınlığı ilə seçilən bir sıra televiziya və nəşrlərdə Bakıdakı "Rusiya Evi" "casus yuvası" kimi təqdim edilib.

Yanvarın 24-də Qazaxıstan baş nazirin müavini Kanat Bozumbayev bildirib ki, Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı araşdırmanın ilkin nəticələri gələn həftə (bu həftə) açıqlana bilər.

“Kiminsə internetdə nəsə yazması onun doğruluğuna dəlalət etmir. “Qara qutu”ların məzmununda böyük fərq var. Rəsmi məlumatları gözləyin”, Baş nazirin müavini qeyd edib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG