Qazaxıstan Nəqliyyat Nazirliyinin Aviasiya Qəzasının Təhqiqat Komissiyası dekabrın 29-da Azərbaycan Hava Yollarının (AZAL) qəzaya uğrayan təyyarəsinin qara qutularının tədqiq edilməsi üçün təyyarənin istehsalçı ölkəsi olan Braziliyaya göndərilməsi barədə qərar qəbul edib.
Qazaxıstan Nəqliyyat Nazirliyi bildirir ki, Çikaqo Konvensiyasının 13-cü Əlavəsinin standartlarına uyğun olaraq, təhqiqat aparan dövlət uçuş yazılarının oxunmasını təmin edir və qara qutuların oxunması, şifrəsinin açılması üçün ölkənin seçilməsi barədə qərar qəbul edir.
Qazaxıstan bu konvensiyanı 1992-ci ildə ratifikasiya edib və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvüdür.
“Yuxarıda göstərilən sənədə əsasən, ICAO-nun tövsiyələrini və Azərbaycan və Rusiyanın aviasiya hakimiyyət orqanları ilə məsləhətləşmələri nəzərə alaraq, Qazaxıstan nəqliyyat naziri Marat Karabayevin rəhbərlik etdiyi Aviasiya Qəzalarının Təhqiqat Komissiyası bu qərarı qəbul edib. Uçuş qeydləri (qara qutular) Embraer təyyarəsinin mənşə ölkəsi olan Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi üçün hazırlanmışdır.
Mərkəz (CENIPA) lazımi texniki imkanlara malikdir, müvafiq avadanlıq və onların oxunması üçün sertifikatlaşdırılmış laboratoriya ilə təchiz edilmişdir.
Bu məsələ Qazaxıstan dövlət başçısının şəxsi nəzarətindədir”, Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatında qeyd edilir.
Qazaxıstan Nəqliyyat Nazirliyinin Aviasiya Qəzasının Təhqiqat Komissiyasına nəqliyyat naziri Marat Karabayev rəhbərlik edir. Komissiya sədrinin müavini, təhqiqat üzrə müvəkkili - Nəqliyyatda Qəzaların və İnsidentlərin Araşdırılması Departamentinin direktoru Nurjan Malayevdir. Təhqiqat Komissiyası Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi Hökumət Komissiyasının tərkibinə daxildir.
Dekabrın 29-da Marat Karabayevin sədrliyi ilə qərargahda 17 beynəlxalq ekspertin hamısının iştirakı ilə iclas keçirilib.
Nəqliyyat Nazirliyi bildirir ki, iclas zamanı komissiya iş planını müəyyənləşdirib. Belə ki, komissiya birlikdə hadisə yerinə baş çəkəcək, təyyarə elementlərinin toplanması üçün anqara baxış keçirəcək və təyyarə elementlərinin toplanmasına başlama tarixi ilə bağlı birgə qərar qəbul edəcək.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarının (AZAL) təyyarəsi Qazaxıstan ərazisində Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla, 67 sərnişin olub. Hadisə nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.
Forum