Dekabrın 25-də Bakıdan Qroznıya uçan və Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Bu barədə “Reuters”ə Azərbaycandakı istintaqla tanış olan dörd mənbə məlumat verib.
“Euronews” da Azərbaycan hökumətindəki mənbələrə istinadən təyyarənin Rusiya raketi ilə vurulduğunu yazır. Bu barədə Azərbaycan hakimiyyəti ilə əlaqəli olduğu ehtimal edilən Caliber.Az nəşri də məlumat yayıb.
Euronews mənbələri iddia edir ki, qəzaya səbəb Qroznı üzərində “dronun fəaliyyəti” zamanı təyyarəyə atılan “yer-hava” raketinin vurulması olub. Onların sözlərinə görə, pilotların təcili eniş tələb etmələrinə baxmayaraq, təyyarənin Rusiyanın heç bir hava limanında enişinə icazə verilməyib. Təyyarəyə Xəzər dənizi üzərindən Aktau istiqamətində uçmaq əmri verilib və təyyarənin naviqasiya sistemləri söndürülüb.
Associated Press-in məlumatına görə, Osprey Flight Solutions aviasiya təhlükəsizliyi firması müştərilərinə xəbərdarlıq edib ki, “Azərbaycan Hava Yollarının reysi çox güman ki, Rusiya hərbi hava hücumundan müdafiə sistemi tərəfindən vurulub”. Osprey Qərb aviaşirkətləri müharibə zamanı uçuşları dayandırdıqdan sonra hələ də Rusiyaya uçan daşıyıcıların təhlilini təqdim edir.
Caliber.Az-ın məlumatına görə, Qroznı səmasında “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Rusiyanın “Pantsir-S1” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
Qəza günü internetdə təyyarənin quyruğunun zədələnməsini əks etdirən video yayılıb. Hərbi ekspert Yan Matveyevin sözlərinə görə, bu, Pantsir-S1 sisteminə xas olan kiçik zenit raketi ilə vurulduğunu göstərir.
Rusiya, Azərbaycan və Qazaxıstanın hakimiyyət orqanları təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı rəsmi açıqlama verməyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml istintaqın yekunlarına qədər “heç bir fərziyyə qurmaq fikrində deyil”.
Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, AZAL-ın təyyarəsi “hava şəraitinin pisləşməsi ilə əlaqədar” marşrutu dəyişib. Qazaxıstan Senatının sədri Maulen Aşimbayev “fotoşəkillərdən bəzi nəticələr çıxarmaq” cəhdlərini “spekulyativ” adlandırıb.
Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Bakıdan Qroznıya uçarkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 sərnişin həlak olub, üçü uşaq olmaqla, 29 nəfər sağ qalıb.
Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.
Forum