“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırıb.
Bu barədə AZAL məlumat yayıb.
“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan ilkin araşdırmaların nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına reysləri 28 dekabr 2024-cü il tarixindən yekun araşdırma başa çatana qədər Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırır”, məlumatda deyilir.
Belə ki uçuşlar dayandırılan şəhərlər- Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Qroznı, Mahaçqaladır.
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsi havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.
Bu barədə AZAL məlumat yayıb. Qurum bildirib ki, təyyarə Bakı vaxtı ilə saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.
Təhlükəsizlik səbəbindən qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilib.
Bununla yanaşı, aviaşirkət bütün uçuş təhlükəsizliyi tələbləri və qaydaları rəhbər tutaraq Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşları davam etdirəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml istintaqın yekunlarına qədər “heç bir fərziyyə qurmaq fikrində deyil”.
Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, AZAL-ın təyyarəsi “hava şəraitinin pisləşməsi ilə əlaqədar” marşrutu dəyişib. Qazaxıstan Senatının sədri Maulen Aşimbayev “fotoşəkillərdən bəzi nəticələr çıxarmaq” cəhdlərini “spekulyativ” adlandırıb.
Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Bakıdan Qroznıya uçarkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 sərnişin həlak olub, üçü uşaq olmaqla, 29 nəfər sağ qalıb.
Forum