Accessibility links

İran mediası Ərdəbildə bir “casus”un həbs edildiyini bildirir


İran mediası Ərdəbil şəhərində “qonşu ölkələrdən birinin kəşfiyyat xidməti ilə əlaqəsi olan bir şəxsin” həbs edildiyini bildirib.

Tasnim xəbər agentliyinin dekabrın 26-da yaydığı məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) kəşfiyyat qurumu bu şəxsin "qonşu ölkələrdən birinin kəşfiyyat xidmətinin tələblərini yerinə yetirdiyi və casusluq fəaliyyəti apardığı" üçün həbs edildiyini açıqlayıb.

Xəbərə əsasən, həmin şəxs "texniki və kəşfiyyat əməliyyatı" nəticəsində saxlanılaraq məhkəmə orqanlarına təhvil verilib. Həbs edilən şəxsin kimliyi və qonşu ölkənin adı barədə isə heç bir məlumat verilməyib.

İran mediası zaman-zaman xarici ölkələrin kəşfiyyat xidmətləri ilə əlaqəsi olan şəxslərin həbs edildiyinə dair məlumatlar yaysa da, bu şəxslərə qarşı açılan işlər üzrə ətraflı məlumat ictimaiyyətə təqdim edilmir. Həbs edilən şəxsin harada saxlanıldığı, onun hazırkı vəziyyəti və hansı növ məlumatları qonşu ölkəyə ötürdüyü barədə hər hansı açıqlama verilməyib.

İnsan haqları sahəsində fəaliyyət göstərən HRA xəbər agentliyi bu xəbərlə bağlı bildirib ki, casusluqla mübarizə insan haqlarının pozulması çərçivəsinə daxil edilməsə də, İran hakimiyyətinin bu ifadədən tez-tez siyasi məqsədlər üçün istifadə etdiyi nəzərə alınmalıdır.

Həmin insan haqları qurumu əlavə edib ki, "bu cür iddialar, xüsusilə məhkəmə prosesi və işin detalları açıqlanmadığı hallarda, daim şübhə ilə qarşılanır".

Bu ilin fevral ayında həbs edilərək Evin həbsxanasına köçürülən bir sıra milli fəal Tehran İnqilab Məhkəməsi tərəfindən "casusluq" ittihamı ilə uzunmüddətli həbs cəzasına məhkum edilib. Araz Əman, Ayaz Seyfxah və Bağır Hacızadə "casusluq" ittihamı ilə hər biri 8 il müddətinə azadlıqdan məhrum edilən fəallar arasındadır.

Bu qərar həmin şəxslərin vəkillə görüşə icazə verilməməsinə, işgəncələrə məruz qalmalarına baxmayaraq qəbul edilib və onların işinin təfərrüatları ilə bağlı ciddi şübhələr mövcuddur.

Forum

XS
SM
MD
LG