Accessibility links

Təbrizli millət vəkili ölkə kəşfiyyatında casusların olduğunu deyib


Əhməd Əlirza Beygi
Əhməd Əlirza Beygi

İranda fundamentalist cərəyana yaxınlığı ilə tanınan təbrizli deputat Əhməd Əlirza Beygi ölkənin təhlükəsizlik və kəşfiyyat orqanlarına çox sayda casusların sızdığı barədə xəbərdarlıq edib.

Təbrizli millət vəkili Asriran xəbər agentliyinə müsahibəsində İran İnqilab Keşikçiləri Qvardiyasının xarici əməliyyatlar qolu olan Qüds Qüvvələrinin üzvünün Tehranda qətlə yetirilməsi ilə əlaqədar olaraq İsrailin İranın təhlükəsizlik və kəşfiyyat orqanlarına casus yerləşdirdiyini irəli sürüb.

Deputat "nüfuz məsələsinin" çox ciddi olduğunu söyləyib və İsrailin təhlükəsizlik və kəşfiyyat rəsmilərinin dediklərinə toxunaraq deyib ki, "onlar əminliklə danışırlar və döyüşçümüzü Suriyadan təqib edərək Tehran küçələrində parlamentin qarşısında qətlə yetirirlər, bu heç də xoş əlamət deyil."

Əhməd Əlirza Beyginin dediyinə görə, ölkədə İsrailə qarşı hərbi üstünlük haqda danışılsa da, bəzi baş verən hadisələr ölkə kəşfiyyatında İsrail üçün işləyən insanların sayının artdığını göstərir. O, Müdafiə Nazirliyində bunun baş verdiyinə dair kifayət qədər əlamətlərin olduğunu irəli sürüb.

Təbrizin İran parlamentindəki nümayəndəsi ölkənin təhlükəsizlik və kəşfiyyat orqanlarını tənqid edərək İranın bu sahədəki imkanlarını prioritetlərə yönəltilmədiyini qeyd edib. Deputatın fikrincə, ölkə kəşfiyyat orqanlarının prioriteti “əcnəbilərin nüfuzunu əngəlləmək” olmalıdır. O, təhlükəsizlik qüvvələrinin xalqın ölkənin idarə olunması ilə əlaqədar keçirdiyi aksiyalara qarşı sərt müdaxiləsini tənqid edib və silahsız mitinqlərin konstitusiyaya əsasən qanuni olduğunu vurğulayıb.

İnqilab Keşikçiləri Qvardiyasının xarici qolu olan Qüds Qüvvələrinin üzvü və Suriyada hərbi bölmədə qulluq edən Həsən Səyyad Xodayi mayın 22-də Tehranda 5 güllə ilə vurularaq qətlə yetirilib.

XS
SM
MD
LG