Təyyarə qəzasında həlak olanların xatirəsini yad etmək üçün Azərbaycanda matəm günüdür.
Ölkədə dövlət bayraqları yarıyadək endirilib. Həlak olanların xatirəsinə ehtiram məqsədi ilə Bakı vaxtı ilə saat 12-də ölkə ərazisində hərəkət bir dəqiqə dayanıb.
Belə ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
Rəsmi məlumatlara görə, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması zamanı göyərtəsində 67 nəfər olub.
Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib ki, təyyarədə olanlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.
“Təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Orada Qırğızıstandan olan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, bütün soydaşlarımız dünyasını dəyişib. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 2 nəfər ölüb, 3 nəfər sağ qalıb”, Karabayev qeyd edib.
Manqistau vilayətinin meri Nurdaulet Kilybayın verdiyi məlumata görə, 27 zərərçəkən xəstəxanaya yerləşdirilib. Onlardan 13-ü Azərbaycan, 9-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdır. Üç vətəndaşın şəxsiyyəti müəyyənləşdirilir. Rayon uşaq xəstəxanasında iki azyaşlı var.
Dekabrın 26-da Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edərək qəza nəticəsində həlak olanların ailələrinə, Azərbaycan xalqına başsağlığı verib.
“Qəzanın ilk anlarından Qazaxıstan fövqəladə hallar qurumlarının tam səfərbər olduğu və qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdikləri diqqətə çatdırılıb. Qəzanın səbəblərinin araşdırılması istiqamətində istintaq qrupu yaradıldığı və müvafiq tədbirlər görüldüyü bildirilib", Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Ceyhun Bayramov qazaxıstanlı həmkarına başsağlığı diləklərinə görə təşəkkür edib, öz növbəsində, həlak olan Qazaxıstan vətəndaşlarının ailələrinə, Qazaxıstana başsağlığı verib. Göstərilən dəstəyə görə minnətdarlıq bildirilib.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Prezidenti Samir Rzayev bildirib ki, Aktauda qəzaya uğrayan təyyarənin ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb.
“Sağ qalan şəxslərin ölkəyə gətirilməsi bu gün həyata keçiriləcək. Həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində ölkəyə gətiriləcək.
Təyyarənin qəza səbəbi barədə nəsə demək tezdir. Hazırda detallı araşdırılma aparılır. Qara qutu tapılıb və oxunması qanunvericiliyə uyğun həyata keçiriləcək”, o qeyd edib.
Forum