Accessibility links

Azərbaycan təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub


Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin təcili eniş edərkən Aktau şəhərində qəzaya uğraması nəticəsində 38 nəfərin həyatını itirdiiyini bildirib.

“Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan zaman göyərtədə 67 nəfər, 62 sərnişin, 5 ekipaj üzvü olub. Təəssüf ki, 38 nəfər ölüb, 29 nəfər sağ qalıb”, Marat Karabayev Aktauda keçirdiyi brifinqdə bildirib.

“Kazinform” agentliynin məlumatına görə, nazir bildirib ki, təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb.

“Orada Qırğızıstandan olan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, bütün soydaşlarımız dünyasını dəyişib. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 2 nəfər ölüb, 3 nəfər sağ qalıb”, Karabayev qeyd edib.

Manqistau vilayətinin meri Nurdaulet Kilybayın verdiyi məlumata görə, 27 zərərçəkən xəstəxanaya yerləşdirilib. Onlardan 13-ü Azərbaycan, 9-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdır. Üç vətəndaşın şəxsiyyəti müəyyənləşdirilir. Rayon uşaq xəstəxanasında iki azyaşlı var.

Hazırda Aktauda olan Qazaxıstanın dövlət komissiyasının rəhbəri, bu ölkənin Baş nazirinin müavini Kanat Bozumbayev Azərbaycanın hökumət nümayəndə heyəti ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb.

Azərbaycandan olan hökumət nümayəndə heyətinin nümayəndələri göstərilən köməyə görə Qazaxıstan xalqına minnətdarlıqlarını bildirib.

“Vəziyyət o qədər də yaxşı deyil, 38 nəfər ölüb”, Bozumbayev Aktauda Azərbaycan nümayəndə heyəti ilə görüşdə deyib.

O vurğulayıb ki, ölənlərin meyitlərinin tanınması üçün müvafiq ekspertizalar təyin olunacaq.

Bozumbayev zərərçəkənlərin müalicəsi üçün bütün lazımi dərman preparatlarının olduğunu, həmçinin Astanadan ən yaxşı həkimlərin olduğu təcili tibbi yardım təyyarəsinin göndərildiyini Azərbaycan nümayəndə heyətinin diqqətinə çatdırıb.

“Şəxsiyyəti müəyyən edilməmiş bir qadın var. O, xəstəxanada huşsuz vəziyyətdədir. Sağ qalan 29 nəfər arasında heç bir Qazaxıstan vətəndaşı yoxdur”, Bozumbayev qeyd edib.

Onun sözlərinə görə, insidentlə bağlı istintaq Qazaxıstan Baş Prokurorluğunun nəzarəti altında aparılır: “İnsident bizim ərazimizdə baş verib, odur ki, hadisənin istintaqı Qazaxıstan Baş Prokurorluğunun nəzarətindədir. Həmçinin Daxili İşlər Nazirliyi, aviasiya orqanları tərəfindən də istintaq aparılır. Hadisə yerində azərbaycanlı həmkarlarımız da var, onlar da istintaqın gedişində iştirak edəcəklər”.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə əks olunanlara və sağ qalmış sərnişinlərin dediyinə görə, təyyarənin quyruğunda mərmi izlərini xatırladan deşiklər var.

Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev Aktauda keçirdiyi brifinqdə bununla bağlı deyib ki, qara qutu tapılaraq araşdırmaya təqdim edilib: “İdarələrarası istintaq qrupu yaradılıb. Mənimlə həm məhkəmə ekspertləri, həm də Aviasiya Administrasiyamızın ekspertləri gəldi. Məhz bu hava insidenti araşdırılır. Cinayət işinin tərkib hissəsi kimi bütün sübutları toplayacaqlar, lazımi ekspertiza aparacaqlar və müvafiq olaraq təyyarənin düşmə səbəbi öyrəniləcək. Qara qutu deşifrə ediləcək. Və təbii ki, biz bununla bağlı məlumat dərc edəcəyik”, o qeyd edib.

“Azərbaycan Hava Yolları" aviaşirkəti bildirib ki, istintaq prosesi başa çatana qədər Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırır.

Forum

XS
SM
MD
LG