Rusiya Prezidenti Vladimir Putin şənbə günü Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, Rusiya hava məkanında baş verən “faciəvi insident”ə görə üzrxahlıq edib.
Bu, çox nadir hallardan biridir ki, Putin ictimai şəkildə üzr istəyir, baxmayaraq ki, Kremlin bəyanatında təyyarəni Rusiyanın vurduğu deyilmir, sadəcə olaraq cinayət işinin açıldığı qeyd edilir.
Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” sərnişin təyyarəsi Rusiyanın cənubundan istiqamət dəyişəndən sonra Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb.
Azərbaycanın hadisə ilə bağlı ilkin araşdırması ilə tanış olan dörd mənbə cümə axşamı Reuters xəbər agentliyinə bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemi təyyarəni səhvən vurub. Sərnişinlər partlayış səsləri eşitdiklərini bildiriblər.
“[Prezident] Vladimir Rusiyanın hava məkanında baş verən faciəvi insidentlə bağlı üzrxahlığını ifadə edib və qurbanların ailələrinə dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib,” Kremlin açıqlamasında deyilir.
Kremlin məlumatına görə, söhbətdə qeyd olunub ki, ciddi qrafikə uyğun hərəkət edən Azərbaycan sərnişin təyyarəsi dəfələrlə Qroznı hava limanına enməyə cəhd edib.
“Həmin vaxt Qroznı, Mozdok və Vladiqafqaza Ukraynanın pilotsuz uçuş aparatları tərəfindən hücum edilirdi və Rusiyanın hava hücumundan müdafiə sistemləri bu hücumları dəf edib,” Kreml bildirib.
Kreml ibtidai istintaqın aparıldığını, “mülki və hərbi mütəxəssislərin” dindirildiyini bildirib.
Öz növbəsində, Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev təyyarənin “Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini” qeyd edib.
Məlumatda deyilir ki, Prezident İlham Əliyev Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyətin təşkil edildiyini və bu heyətin artıq fəaliyyətə başladığını vurğulayıb.
Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Bakıdan Qroznıya uçarkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədə 67 nəfər - 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 3 nəfər ölüb, 2 nəfər sağ qalıb.
Forum