"Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Bu barədə Prezident İlham Əliyev dekabrın 29-da sərəncam imzalayıb.
Ekipaj üzvləri qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təltif ediliblər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 sərnişindən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla, 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
İlkin məlumata görə, təyyarə Rusiya ərazisində fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Forum