Accessibility links

Siyasi və ekspert rəyləri: “Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğramasına görə Rusiya məsuliyyət daşıyır”


KAZAKHSTAN-CRASH/
KAZAKHSTAN-CRASH/

“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin dekabrın 25-də Qazaxıstan ərazisində qəzaya uğramış Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Rusiya ərazisində “Pantsir-S1” hava hücumundan müdafiə sistemi tərəfindən vurulması barədə xəbərlər ölkədə geniş müzakirələrə səbəb olub.

Qəzaya uğrayan təyyarədə 67 nəfər - 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 3 nəfər ölüb, 2 nəfər sağ qalıb.

Zülfüqar Əsədov (Mənbə: Sosial şəbəkə)
Zülfüqar Əsədov (Mənbə: Sosial şəbəkə)

Təyyarə bələdçisi: Təyyarəmizə xaricdən üç dəfə zərbə oldu

Dekabrın 25-də AZAL Hava Yollarına məxsus Embraer təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan bələdçi Zülfüqar Əsədov Azərbaycan Dövlət Televiziyasına təyyarə qəzası ilə bağlı detalları danışıb.

Xəstəxanada olan Əsədov bildirib ki, təyyarə Qroznı hava limanına üç dəfə eniş etməyə çalışıb, lakin sıx duman səbəbindən alınmayıb.

“Üçüncü eniş alınmadıqdan sonra təyyarə yüksəkliyə qalxdı və yaxın aeroportlara eniş axtardı. Bu zaman təyyarəyə xarici təsir hiss etdik. Sərnişinlər çaxnaşmaya başladılar və biz onları sakitləşdirməyə başladıq. Bundan dərhal sonra ikinci zərbəni hiss etdik və bu zaman qolumda ağrı hiss etdim. Məni ağır yaralayan qəlpə idi və mən qan itirməyə başladım. Bundan sonra daha bir partlayış səsi gəldi ki, bunu həm bizim, həm də sərnişinlər hiss etdi”.

Bələdçi bildirib ki, komandir başqa hava limanına uçmaq qərarına gəlib, lakin yaxın şəhərlər təyyarəni qəbul etməyib və o, Aktauya uçmalı olub.

“Əvvəlcə komandir təyyarəni suya endirməyi planlaşdırırdı, lakin sonra torpağa enməyə qərar verdi və sərt eniş olacağı aydın oldu”.

Əsədov bildirib ki, bələdçi yoldaşı sərnişinləri təhlükəsizlik kəmərlərini bərk-bərk bağlamağa çağırıb. Yerlə toqquşma zamanı təyyarənin pilot kabinəsi və ön hissəsi qopub, təyyarə parçalanıb.

Əsədov təyyarənin göyərtəsində oksigen çəninin partlaması ilə bağlı yayılan xəbərləri təkzib edib.

"Əgər bu baş versəydi, təyyarə dərhal parça-parça olardı", o qeyd edib.

ABŞ səfiri: ABŞ lazım ola biləcək hər hansı yardımı göstərməyə hazırdır

Mark Libbi-ABŞ-ın Azərbaycandakı səfiri
Mark Libbi-ABŞ-ın Azərbaycandakı səfiri

ABS-ın Azərbaycandakı səfiri Mark Libbi bildirib ki, Birləşmiş Ştatlar faciəvi qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını arzulayır.

“ABŞ səfirliyi, azərbaycanlı tərəfdaşlarımızla həmrəylik əlaməti olaraq bayrağını endirib və qarşıdakı çətin günlərdə lazım ola biləcək hər hansı yardımı göstərməyə hazır olduğunu bildirir”, səfir Mark Libbi X platformasında qeyd edib.

Rasim Musabəyov
Rasim Musabəyov

Rasim Musabəyov: Azərbaycan Rusiya rəsmilərinin üzrxahlıq etməsini gözləyir

Milli Məclisin deputatı Rasim Musabəyov Amerikanın Səsinə bildirib ki, Azərbaycan təyyarəsi Rusiya ərazisində, Qroznı səmasında vurulub.

Rasim Musabəyov: Azərbaycan Rusiya rəsmilərinin üzrxahlıq etməsini gözləyir
please wait

No media source currently available

0:00 0:03:05 0:00

“Düzdür elə məsələr var ki, tədqiqat gedir. Buraya qara qutunun tədiqiqatı və başqa məsələlər daxildir. Amma elə məsələlər var ki, göz qabağındadır, orada tədqiqata ehtiyac yoxdur.

Hava Hücumundan Müdafiə (HHM) sistemləri akiv idisə, Qroznının aeroportu bağlanmalı idi. Elə isə aeroport niyə bağlanmamışdı? Təyyarə aeroporta çatmamış geri qaytarılmalı idi. Nə üçün bunu etməyiblər? Bunun məsuliyyətini kim daşımalıdır? Bunu yoxlamağa ehtiyac yoxdur, göz qabağındadır. Təyyarə Rusiya ərazisində zərbə alıb. Pilotlar enmək üçün şərait yaradılması ilə bağlı müraciət edib. Nə üçün təyyarənin enməsinə şərait yaratmadılar? Təyyarə üç dəfə Qroznı aeroportuna enməyə cəhd edib, buna imkan verməyiblər. Bunu nə üçün etmədilər? Təyyarəni yaxınlıqdakı aeroportlara yönləndirmədən naviqasiya sistemini söndürərək Xəzər dənizinin üzərindən o biri sahilə, Aktauya göndərdilər ki, bəlkə təyyarə dənizə düşəcəck və izlər itəcək. Bunun istintaqa ehtiyacı yoxdur, göz qabağındadır. Kim isə məsuliyyəti boynuna çəkməlidir. Gözləmək lazım deyil ki, bəlkə üstündən keçdilər.

Azərbaycanın Rusiya ilə müttəfiqliyi heç də o demək deyil ki, bu kimi hadisələrə göz yumulmalıdır.

Azərbaycanın Rusiya ilə müttəfiqliyi heç də o demək deyil ki, bu kimi hadisələrə göz yumulmalıdır. Əksinə bu münasibətlər tələbatı artırmaq imkanı verir. Bu baxımdan Azərbaycan gözləyir ki, Rusiya rəsmiləri ortaya mövqe qoymalıdır, izahat verməlidirlər, üzrxahlıq etməlidirlər. Rusiya bu cür hadisələrin baş verməyəcəyi ilə bağlı təminat verməlidir. Onsuz da dünyanın böyük bir hissəsi Rusiyadan üz döndərib, münasibətləri kəsib. Çox az dövlətlər var ki, Rusiya ilə münasibət saxlayır. Bu baxımdan Rusiyanın bu hadisə ilə bağlı reaksiyası, düşünürəm ki, təkcə Azərbaycan üçün deyil, Rusiya ilə münasibət saxlayan bir çox dövlətlər üçün bundan sonra hansısa məsələdə bu ölkəni eşitmək olar ya yox, bu ölkə ilə münasibət saxlamaq olar ya yox, bu ölkəyə uçmaq olar ya yox, bunun üçün örnək olacaq.”

Rasim Musabəyov Çeçenistan prezidentinin təyyarə qəzasından sonra məsul olan qohumuna medal verməsi ilə bağlı suala cavabda deyib ki, bu “həyasızcasına meydan oxumaqdır”.

“Çeçenistan rəsmilərinin məsuliyyətini Rusiya Prezidenti Vladimir Putin müəyyənləşdirməlidir. Biz o məsuliyyəti müəyyənləşdirmirik. Bizim üçün Çeçenistan prezidentinin hərəkərləri heç bir əhəmiyyət kəsb etmir. Bizim üçün Rusiyanın rəsmi münasibəti vacibdir.”

Peskov Musabəyovun üzrxahlıq barədə çağırışına münasibət bildirib

Rusiya Prezidentinin Mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Qazaxıstanın Aktau şəhərində Azərbaycanın “Embraer” markalı təyyarəsinin qəzaya uğramasına görə Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyovun Rusiyanın üzr istəməsini tələb edən bəyanatına münasibət bildirib.

Kremlin sözçüsü istintaq başa çatanadək Rusiyanın qiymətləndirmə verməyəcəyini deyib. Peskov hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib.

“Əlbəttə, gördük, amma bir daha təkrar edirəm, əlavə edəcəyim heç nə yoxdur. Hazırda bu hadisə ilə bağlı araşdırma aparılır və istintaq yekunlaşana qədər biz özümüzün heç bir qiymətləndirmə vermək hüququmuzu görmürük və etməyəcəyik. Eyni zamanda bizim aviasiya səlahiyyətlimiz var ki, bunu edə bilər” - deyə, Peskov Musabəyovun bəyanatına münasibət bildirib.

Əli Kərimli-AXCP sədri
Əli Kərimli-AXCP sədri

Əli Kərimli: Azərbaycan hakimiyyəti qeyri rəsmi olsa da, “müttəfiqlərinin” cinayətlərini etiraf edir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli yazıb ki, “Dünən Bakı - Qroznı reysi ilə uçan Azərbaycan təyyarəsinin sərnişinlərinə qarşı Rusiya təmsilçiləri bir neçə cinayət törədib. Əvvəla, Rusiya HHM sistemi ilə təyyarəmiz vurulub. Rusiya rəhbərliyinə olan bütün tənqidi münasibətimə baxmayaraq, hesab edirəm ki, təyyarəmizi qəsdən yox, Ukrayna PUA-sı ilə səhv salaraq vurublar. Yəni bu cinayəti qəsdən yox, ehtihatsızlıq üzündən törədiblər.

Ancaq bu ilk cinayətdən sonra törədilən cinayətlər şüurlu şəkildə, bilərək və istəyərək, yəni qəsdən törədilib.

Azərbaycan təyyarəsinin sərnişinlərinə qarşı Rusiya təmsilçiləri bir neçə cinayət törədib.

Vurulmuş, ciddi zədələr almış sərnişin təyyarəsinə yaxınlaşdığı Qroznı aeroportuna eniş imkanı verməmək, Qroznının 100-200 kilometrliyində 4 aeroport olduğu halda, ciddi zədələnmiş təyyarəyə bu aeroportların heç birinə eniş imkanı verməmək əlbəttə ki, qəsdən törədilmiş cinayətdir.

Ağır zədələnmiş, 67 sərnişini olan təyyarəni Xəzərin digər tərəfinə - 450 kilometrlik məsafədəki Aktau aeroportuna göndərmək də, ağır vəziyyətdə olan, köməyə ehtiyacı olan təyyarəni bir saatdan artıq müddətdə GPS-dən məhrum etmək də qəsdən törədilmiş növbəti cinayətlərdir.

Əvvəlki cinayətləri törədənlər öz cinayətlərini faciə baş verəndən sonra da davam etdiriblər. Bilə - bilə ki, təyyarə Rusiya HHM sistemləri tərəfindən vurulub, sonra da vurulmuş təyyarə dənizə düşüb, vurulma sirrini də özü ilə dənizin dibinə batırsın ümidi ilə Aktauya - faktiki gedər-gəlməzə göndərilib, Rusiyanın dövlət orqanları cinayətlərini ört - basdır etmək üçün daha bir cinayətə əl atıblar. Cinayəti gizlətmək cinayətinə. Cinayətləri gizlətmək üçün təyyarə quşlarla toqquşub versiyasını ortaya atıblar. Ancaq cinayəti törətməkdə “başarılı“ olsalar da, gizlətməkdə başarılı ola bilmədilər.

Düzdür, bu ölənləri geri qaytarmayacaq, xalq olaraq faciədən yaşadığımız kədərimizi azaltmayacaq, ancaq azacıq təsəlli olacaq ki, cinayəti gizlədə bilmədilər.

Beynəlxalq mətbuatın, Azərbaycanın azad jurnalistlərinin, bizlərin, sosial şəbəkə fəallarının həqiqətləri tirajlaması, yalanı ifşa etməsi nəticə verdi. Azərbaycan hakimiyyəti də hələlik qorxa - qorxa, qeyri rəsmi olsa da, “müttəfiqlərinin“ cinayətlərini etiraf etməli olub. Deməli, bu cinayətləri rəsmi şəkildə ört - basdır etmək mümkün olmayacaq.

Sonda bir məsələni xüsusi qeyd etmək istəyirəm. Təyyarəmizin pilotları faktiki olaraq mümkün olmayanı mümkün etdilər. Onlar ağır zədəli, idarəetməsini xeyli dərəcədə itirmiş təyyarəni Aktauya aparıb çıxarmaqla təyyarə sərnişinlərinə və bütövlükdə Azərbaycana qarşı törədilmiş cinayətlərin ört - basdır edilməsinə imkan vermədilər. Məhz onların qəhrəmanlığı sayəsində həm 29 nəfərin həyatı xilas edildi, həm də təyyarəmizə, təyyarədə olan insanlara qarşı törədilmiş çoxsaylı cinayətləri ört - basdır etmək mümkün olmadı. Qəhrəman pilotlarımız İqor Kşnyakin, Aleksandr Kalyaninov, sona qədər öz vəzifəsini şərəflə yerinə yetirən stüardessa Hökumə Əliyevaya və cinayət nəticəsində həyatını itirmiş bütün sərnişinlərə Allah rəhmət eləsin. Cinayətkarlar isə cəzalarını almalıdır.”

Şahin Cəfərli
Şahin Cəfərli

Şahin Cəfərli: Rusiyanın müttəfiqi olmur - ya vassalı olur, ya da düşməni

Siyasi şərhçi Şahin Cəfərli Amerikanın Səsinə bildirib ki, təyyarənin Rusiya tərəfindən səhvən vurulmasını qarşı tərəfin etirafı, üzrxahlığı və zərəri ödəməsi halında bəlkə anlayışla qarşılamaq olar.

Təyyarənin Rusiya ərazisində enişinə icazə verilməməsinin heç bir qaneedici izahı ola bilməz.

“Lakin hadisədən sonra təyyarənin Rusiya ərazisində enişinə icazə verilməməsinin heç bir qaneedici izahı ola bilməz. Bu addım həm iki ölkə arasındakı razılaşmalara, həm mülki aviasiya sahəsində beynəlxalq konvensiyalara, həm də humanizmə tamamilə zidd olmaqla, Azərbaycana qarşı qeyri-dost hərəkətdir.

İlk dəfə kim deyib, bilmirəm, amma çox doğru deyib: Rusiyanın müttəfiqi olmur - ya vassalı olur, ya da düşməni olur.”

İsa Qəmbər
İsa Qəmbər

İsa Qəmbər: Faciəyə görə Rusiyanın məsuliyyət daşıdığı birmənalı şəkildə aydındır

Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsinə bildirib ki, hadisəyə görə Rusiya birbaşa məsuliyyət daşıyır.

“Çünki artıq aydındır, təsdiq olunur ki, AZAL-ın təyyarəsi Rusiya HHM sisteminin açdığı atəş nəticəsində zədələnib. İdarəetmə sıradan çıxıb, təyyarə qəzaya uğrayıb və onlarla insan, o cümlədən Azərbaycanın, Rusiyanın, Qazaxıstanın, Qırğızıstanın vətəndaşları cinayət nəticəsində həlak olub. Rusiya HHM sisteminin açdığı atəş nəticəsində bu hadisənin baş verməsi ilə yanaşı bir sıra məqamlar var ki, onlar da kifayət qədər aydındır.

Azərbaycan höküməti rəsmən Rusiyaya qarşı ciddi addımlar atmalı və Rusiyanın bu cinayətkar addımlarının qarşısının alınmasına, Rusiyanın rəsmən üzr istəməsinə və təzminat ödəməsinə nail olmalıdır.

Əvvəla, Rusiya niyə müharibə zonasında hava alanından istifadə edir? İkincisi, nəyə görə Qroznı ətrafında hava döyüşlərinin getməsi barədə ora yaxınlaşan təyyarələrə məlumat verilmir? Daha sonra təyyarə nəyə görə atəş nəticəsində zədələnəndən sonra Qroznı hava alanına ən yaxın hava alanına enməsinə razılıq verilmir? Bütün bunlar aydın şəkildə hadisənin Rusiyanın Ukraynaya qarşı başladığı cinayətkar savaşın nəticəsi olub. Tamamilə aydındır.

Burada mübahisəlik, diskusiyalıq məqam yoxdur. Sadəcə daha dəhşətli mövzu var ki, bir sıra ekspertlərin fikrinə görə, Rusiyanın idarəetmə sistemləri qəsdən AZAL-ın təyyarəsini Xəzər dənizi istiqamətinə Qazaxıstan ərazisinə yönəldiblər və hesab edirlər ki, təyyarə dənizə düşərsə o zaman bu cinayətin izlərini gizlədə bilərlər. Bu çox ciddi ehtimaldır. Bu da ciddi şəkildə araşdırılmalıdır.

Amma bütövlükdə bu böyük faciəyəyə görə, Rusiyanın məsuliyyət daşıdığı birmənalı şəkildə aydındır. Biz hesab edirik ki, Azərbaycan höküməti rəsmən Rusiyaya qarşı ciddi addımlar atmalı və Rusiyanın bu cinayətkar addımlarının qarşısının alınmasına, Rusiyanın rəsmən üzr istəməsinə və təzminat ödəməsinə nail olmalıdır.”

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov (Mənbə: Sosial şəbəkə)
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov (Mənbə: Sosial şəbəkə)

Rosaviasiyanın rəhbəri: “Kovyor” planının həyata keçirilməsinə başlanmışdı

Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Dmitri Yadrov bildirib ki, təyyarə qəzası saatlarında Qroznı ətrafındakı vəziyyət mürəkkəb idi. Çünki Rusiya Federasiyası “Kovyor” planının həyata keçirilməsinə başlamışdı.

“Kovyor“ planı - bütün uçuş aparatları üçün qapalı səma rejimi və havada olan bütün təyyarə və ya helikopterlərin dərhal yerə enməsi və ya müəyyən zonadan çıxarılması əmridir. Bu plan müxtəlif səbəblərdən tətbiq edilə bilər: məsələn, uçuşlar üçün təhlükə yaradan qəfil hava şəraiti dəyişiklikləri zamanı və s. Ən yaxın hava limanının dispetçeri hava gəmilərinə “Kovyor” əməliyyatının aktivləşdirilməsi barədə məlumat verir, hərbi tezliklərdə isə əmr hava hücumundan müdafiə üzrə növbətçi tərəfindən ötürülür”, TASS agentliyi Rosaviasiyanın rəhbəri Dmitri Yadrova istinadən bildirib.

Qeyd: Rusiya, Azərbaycan və Qazaxıstanın hakimiyyət orqanları təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı hələ rəsmi açıqlama verməyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml istintaqın yekunlarına qədər “heç bir fərziyyə qurmaq fikrində deyil”.

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, AZAL-ın təyyarəsi “hava şəraitinin pisləşməsi ilə əlaqədar” marşrutu dəyişib. Qazaxıstan Senatının sədri Maulen Aşimbayev “fotoşəkillərdən bəzi nəticələr çıxarmaq” cəhdlərini “spekulyativ” adlandırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Ukraynaya 2,5 milyard dollarlıq yeni yardım elan edib
please wait

No media source currently available

0:00 0:11:58 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan təyyarəsinin qəzası. Türkiyənin Suriyanın gələcəyində rolu.
please wait

No media source currently available

0:00 0:30:26 0:00
XS
SM
MD
LG