Accessibility links

 
Ukraynanın Azərbaycandakı səfiri: Təyyarə Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurula bilər

Ukraynanın Azərbaycandakı səfiri: Təyyarə Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurula bilər


Yuriy Husyev-Ukraynanın Azərbaycandakı səfiri ( Foto: Ukrayna səfirliyi)
Yuriy Husyev-Ukraynanın Azərbaycandakı səfiri ( Foto: Ukrayna səfirliyi)

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı məqalə ilə çıxış edib. Ukraynanın Azərbaycandakı səfirliyinin Amerikanın Səsinə təqdim etdiyi məqalədə Azərbaycan təyyarəsinin Rusiya ərazisində bu ölkənin “Pantsir-S1” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu iddia olunur. Bununla yanaşı, təyyarə qəzasını araşdıran Azərbaycanın və Qazaxıstanın hökumət komissiyaları və istintaq orqanları təyyarənin qəzaya uğramasının səbəbləri barədə hələ rəsmi məlumat yaymayıb. Amma təyyarədə qəzadan əvvəl çəkilərək sonra sosial şəbəkələrdə yayılan videolardakı görüntülər və sağ qalan sərnişinlərin iddia etdiyinə görə təyyarə Rusiya ərazisində vurulub. Həmçinin Rusiya ərazisindəki hava limanlarının zədələnmiş Azərbaycan təyyarəsini qəbul etmədiyi iddia edilir.

Səfir Yuriy Husyevin məqaləsində deyilir:

25 dekabr 2024-cü ildə bütün dünyanı sarsıdan faciə baş verdi. Bakı-Qroznı marşrutu ilə uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Embraer E190 təyyarəsinin göyərtəsində 67 nəfər olub, onlardan ekipaj üzvlərinin peşəkar hərəkətləri sayəsində 2-i uşaq olmaqla, 29 nəfər sağ qalıb.

Bu gün (dekabrın 26-sı) Azərbaycan Respublikasında matəm günü elan edilib. Ukrayna səfirliyi artıq Azərbaycan Respublikasında akkreditə olunmuş çoxsaylı diplomatik nümayəndəliklərin, o cümlədən Böyük Britaniya, ABŞ, Aİ, Almaniya, İtaliya, Türkiyə, Belçika, Litva, İsrail, Macarıstan və digər ölkələrin səfirlikləri tərəfindən verilmiş başsağlığına qoşulur. Bu, bütün Azərbaycan xalqı üçün böyük faciədir, regiondan çox-çox uzaqlarda ağrı və kədərə səbəb olub.

Bu faciəyə görə məsuliyyət daşıyanların adlarının çəkilməsi təkcə həlak olanların ailələrinin ədalət məsələsi deyil, gələcək nəsillər qarşısında borcdur.

İndi mediada getdikcə daha çox təsdiqini alan versiyalardan biri dünyada aktiv şəkildə müzakirə olunur. İlkin məlumatlara görə, təyyarə Rusiyanın “Pantsir-S1” hava hücumundan müdafiə sistemi tərəfindən vurula bilərdi ki, bunu faciə yerindən təyyarənin qalıqlarının çoxsaylı foto və videoları da təsdiqləyir. Bu, təyyarənin marşrutuna təsir edə bilər və sonda dəhşətli nəticələrə səbəb ola bilər. Bu versiya təsdiq olunsa, bu, Rusiyanın işğalçı dövlət kimi beynəlxalq aləmdə terror fəaliyyətinin daha bir bariz sübutu olacaq.

Rusiya özünü çoxdan terrorçu ölkə kimi tanıdıb. 2010-cu ildə Smolenskdə Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi ilə baş vermiş faciəni xatırlayırıq, bu hadisənin səbəbləri hələ də sual altındadır. 2014-cü ildə Malayziya Hava Yollarına məxsus MH17 reysinin müvəqqəti işğal olunmuş Ukrayna ərazisi üzərində Rusiyanın Buk raketi ilə vurulması bütün dünyanı heyrətə salmışdı. 298 günahsız insan öldü. Rusiyanın 2014-cü ildən dövlətimizə qarşı davam edən təcavüzünün davamı olan 24 fevral 2022-ci il tarixində bu ölkənin Ukraynaya genişmiqyaslı hərbi təcavüzü başlayandan Rusiya dinc şəhərlərə, Ukraynanın mülki infrastrukturuna hücumlar edir, dinc sakinləri, o cümlədən qadın və uşaqları məqsədyönlü şəkildə qətlə yetirir, xalqımızı qaranlığa və soyuğa qərq etməyə çalışır, enerji mənbələrini məhv edir. Bu dövlət, onun rejimi davamlı olaraq insan həyatına, beynəlxalq hüquqa hörmətsizlik və etinasızlıq nümayiş etdirir.

Beynəlxalq ictimaiyyət Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini dayandırmaq və Rusiyanı Ukraynanın ərazi bütövlüyünü bərpa etməyə, region və bütövlükdə planet üçün uzunmüddətli ədalətli sülh və təhlükəsizliyi bərqərar etməyə məcbur etmək üçün birgə səyləri daha da birləşdirməli və gücləndirməlidir.

Dünya Qazaxıstanda baş verən təyyarə qəzasını araşdırmaq üçün yaradılmış komissiyanın işini diqqətlə izləyir. İstintaqda iştirak edən hər kəsi son dərəcə cəsarətlə, qərəzsiz və qətiyyətlə hərəkət etməyə çağırırıq. Bu faciəyə görə məsuliyyət daşıyanların adlarının çəkilməsi təkcə həlak olanların ailələrinin ədalət məsələsi deyil, gələcək nəsillər qarşısında borcdur. Yalnız bu cür hərəkətlərə görə aydın və ardıcıl cavabdehlik gələcəkdə oxşar faciələrin baş verməsinin qarşısını ala bilər.

Biz Azərbaycan rəhbərliyinə və xalqına dəstəyimizi bildirir və ümid edirik ki, faciənin bütün halları müəyyən olunacaq, günahkarlar məsuliyyətə cəlb olunacaqlar. Bu, təkcə ədalətin bərpası üçün deyil, həm də bütün dünyada təhlükəsizliyin möhkəmləndirilməsi üçün vacibdir.

Qeyd: Bu, Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyevin fikirləridir. Azərbaycan və Rusiya təyyarənin hava hücumundan müdafiə sistemi tərəfindən vurulıması ilə bağlı məlumatlara hələ münasibət bildirməyib. Rəsmi Bakı insanları təyyarə qəzası barədə rəsmi məlumatlara istinad etməyə çağırıb.

Forum

XS
SM
MD
LG