Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190/195 təyyarəsinin Bakı-Kazan marşrutu üzrə uçuş zamanı, yanvarın 1-də Rusiyanın Həştərxan vilayəti üzərində radio maneələr və GPRS pozuntuları ilə üzləşdiyi bildirilir.
Bu barədə Turan agentliyi aviasiya sahəsindəki mənbəyə istinadən məlumat yayıb.
Agentlik bildirir ki, təyyarənin aviyonikası (elektron sistemi-red) yalnız Həştərxan hava məkanını tərk etdikdən sonra normal fəaliyyətini bərpa edib.
“Bu pozuntu Ukrayna pilotsuz uçuş aparatlarının Həştərxana hücumları ilə üst-üstə düşüb ki, bu da bölgənin hava hücumundan müdafiə sistemlərini işə salıb. Lakin hakimiyyət orqanları adətən hava təhlükələrinin artdığı hallarda tətbiq edilən fövqəladə protokol olan “Əhatə Əməliyyatı”nı aktivləşdirməyiblər”, agentliyin məlumatında qeyd edilir.
Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Azərbaycanın bəzi media resurslarında 2025-ci il yanvarın 1-də “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı–Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində guya təhlükə ilə üzləşməsi barədə məlumat yayılıb.
"AZAL-ın adıçəkilən reysi cədvələ uyğun olaraq və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə yerinə yetirilib", cavabda qeyd edilir.
Bununla yanaşı, mətbuat xidməti Azərbaycan təyyarəsinin radio maneələr və GPRS pozuntuları ilə üzləşdiyi barədə məlumata aydınlıq gətirməyib.
Rusiya Hava Nəqliyyatı Agentliyi də bu barədə hələ məlumat yaymayıb.
AZAL Bakı-Kazan reyslərini bazar ertəsi, çərşənbə və şənbə günləri həyata keçirir.
Bakı Beynəlxalq Hava Limanının məlumat bürosundan Amerikanın Səsinə bildiriblər ki, bu həftənin çərçənbə günü Bakı-Kazan təyyarə reysi yerinə yetirilib, sabah, yanvarın 4-nə nəzərdə tutulan təyyarə reysi də təxirə salınmayıb, yerinə yetiriləcək.
Xatırladaq ki, ötən il dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysnini həyata keçirən təyyarəsi Qroznı üzərində xarici təsirə məruz qaldıqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi eniş edərkən qəzaya uğrayıb. Qəza nəticəsinə təyyarədə olan 67 insandan 38-i həlak olub. Bundan sonra AZAL təhükəszilik məqsədi ilə Ufa, Samara, Nijni Novqorod, Mineralnoe Vodı, Soçi, Volqoqrad, Qroznı, Vladikavkaz və Mahaçqala da daxil olmaqla, bir sıra Rusiya şəhərlərinə uçuşları qeyri-müəyyən vaxtadək dayandırıb.
Forum