Yanvarın 1-dən Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı yeni qaydalar qüvvəyə minib.
Bununla bağlı qərarı Azərbaycanın baş naziri Əli Əsədov imzalayıb.
Qərara əsasən, Azərbaycana viza tələb olunmayan qaydada gələn Rusiya vətəndaşları və Rusiyada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz. Bundan əvvəl bu müddət bir təqvim ili ərzində 180 gün idi.
Qeyd edək ki, Rəsmi Bakının bu qərarı bir neçə gün öncə dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Bakıdan Qroznıya uçarkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonraya təsadüf edib.
Qəzaya uğrayan təyyarədə 67 nəfər - 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 3 nəfər ölüb, 2 nəfər sağ qalıb.
Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev təyyarənin “Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini” qeyd edib.
Təyyarə qəzası ilə bağlı Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də və 29-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək müzakirələr aparıb.
Prezident Putin “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğramasını faciəvi hadisə adlandırıb və faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib.
Bundan bir neçə müddət əvvəl Rusiya da analoji qərar qəbul edib. Belə ki, bu gündən Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. Qeyd edilən müddət Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.
Forum