Accessibility links

İlham Əliyev: Azərbaycan vətəndaşlarının təyyarə qəzasında həlak olmasının günahı Rusiya nümayəndələrinin üzərindədir


Prezident İlham Əliyev Bakı-Qroznu təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Prezident İlham Əliyev Bakı-Qroznu təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb

"Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik".

Bu barədə yanvarın 6-da Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Qroznıya uçan təyyarəsinin Aktauda qəzaya uğraması zaman həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə deyib.

“Qara qutu”ların Braziliyaya göndərilməsi də ondan xəbər verir ki, biz obyektivlik tələb edirik. Mən artıq bu barədə ekipajla vida mərasimindən sonra da demişəm. Əgər biz ilk dəqiqələrdən və ya saatlardan Rusiya Federasiyası rəsmi dairələri tərəfindən bu faciəni obyektiv araşdırmaq cəhdini görsəydik, onda çox güman ki, “qara qutu”ların Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən açılmasının həyata keçirilməsinə razılıq verərdik. Biz onilliklər ərzində bu struktur ilə əməkdaşlıq etmişik və fəal əməkdaşlığımız olub. Bu struktur əsasən keçmiş SSRİ məkanında təyyarə qəzalarının təhqiqatı ilə məşğul olub. Amma biz işin ört-basdır edilməsi, bunu hansısa quşların və ya qaz balonunun adına çıxmaq cəhdini gördükdə, təbii ki, həm mənim, həm də Azərbaycan ictimaiyyətinin bu strukturun təhqiqatının obyektivliyinə ciddi şübhələri yarandı”, prezident deyib.

Onun sözlərinə görə, hazırda “qara qutu”ların şifrəsinin açılması prosesi gedir.

“Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq”.

Prezident Əliyevin sözlərinə görə, Dövlət Komissiyası yaradılıb, komissiya fəaliyyət göstərir və onun göstərişi ilə Azərbaycan prokurorluğu cinayət işi açıb.

“Cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir. Bu barədə ilkin məlumat bizdə artıq dekabrın 29-da var idi və Azərbaycan Televiziyasına vida mərasimindən sonra verdiyim müsahibədə mən həm öz fikirlərimi, eyni zamanda, istintaqın bizə verdiyi məlumatı Azərbaycan xalqına çatdırmışdım. Bildirmişdim ki, Azərbaycan ictimaiyyəti istintaqın gedişatı ilə müntəzəm surətdə tanış olacaq”, İlham Əliyev qeyd edib.

Prezident qeyd edib ki, əgər Qroznı şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görsəydi, yerüstü xidmətlərin bütün qaydalarına əməl olunsaydı, həmçinin Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, onda bu faciə baş verməzdi.

Əliyev deyib ki, obyektivliyin sual altına düşə biləcəyini nəzərə alaraq, Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz edib.

Prezident görüşdə xatırladıb ki, Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanılıb və yəqin ki, yaxın gələcəkdə bu barədə məlumat veriləcək.

“Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki, bizdə məlumat yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq”, o qeyd edib.

İlham Əliyev deyib ki, bu araşdırmanı sonadək başa çatdıracaq.

"Mən həlak olanların ailə üzvlərini, eləcə də ekipaj üzvlərini bu yüksək mükafatları şəxsən sizə təqdim etmək, sizə bir daha başsağlığı vermək və Azərbaycan dövlətinin hər zaman sizinlə olacağını bəyan etmək üçün dəvət etdim. Mən sizə müraciət və xahiş etmək istəyirəm ki, həyatın istənilən şəraitində sizin arxanızda güclü Azərbaycan dövlətinin dayandığını biləsiniz. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, həmçinin “Azərbaycan Hava Yolları” QSC-yə sizinlə daimi əlaqə saxlamaq və sizi narahat edən məsələləri operativ şəkildə həll etmək tapşırılıb.

Bir daha mənim başsağlığımı qəbul edin və əmin olun ki, biz bu məsələni, bu araşdırmanı sonadək başa çatdıracağıq", o əlavə edib.

Xatırlatma

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Qroznıya uçan “Embraer” təyyarəsi Aktau hava limanından 3 kilometr aralıda məcburi eniş etmək istəyərkən qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədə 67 nəfər - 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 3 nəfər ölüb, 2 nəfər sağ qalıb.

KAZAKHSTAN-CRASH/
KAZAKHSTAN-CRASH/

Qəzanın təhqiqatına ICAO Konvensiyasına (Çikaqo Konvensiyası) uyğun olaraq hadisənin baş verdiyi ölkə olaraq Qazaxıstan rəhbərlik edir. İşdə Azərbaycan, Rusiya mütəxəssisləri, beynəlxalq ekspertlər və “Embraer” şirkətinin nümayəndələri iştirak edirlər. Qara qutular beynəlxalq ekspertlərin iştirakı ilə götürülüb.

Azərbaycan KİV-ləri, həmçinin Euronews və Reuters telekanalları ilkin olaraq təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması barədə məlumatlar yayıb.

Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, bir daha həlak olanların ailələrinə dərin və səmimi başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında Azərbaycanın mülki təyyarəsi xarici təsirdən zədələnib və idarəetməni praktiki olaraq itirib. Onun sözlərinə görə, təyyarə elektron müdafiə sistemi vasitəsi ilə idarəolunmaz hala salınıb.

Bundan başqa, Azərbaycan prezidenti yerli mediaya müsahibəsində Rusiyaya qarşı üç tələb irəli sürüb.

Azərbaycan prezidentinin Rusiyaya qarşı irəli sürdüyü ikinci və üçüncü tələblə bağlı Rusiya tərəfi hələ rəsmi məlumat yaymayıb.

Bununla yanaşı, Rusiya İstintaq Komitəsi təyyarə qəzası ilə bağlı Cinayət Məcəlləsinin 263 (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlayıb. Azərbaycan Baş Prokurorluğunun iki əməkdaşı Qroznıdadır, orada Rusiya Baş Prokurorluğunun və İstintaq Komitəsinin nümayəndələri ilə birgə ibtidai istintaq hərəkətləri aparırlar.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG