Accessibility links

İlham Əliyev bayram müracətində “yeni reallıqlar”, Ermənistanın silahlanması və ölkəyə qarşı “iftira kampaniyası” haqda danışdı


Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan 2025-cü ili qarşılayıb. Ölkədə Yeni il və 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə yanvarın 6-dək bayram tətilidir, iş günü deyil.

Prezident İlham Əliyevin Azərbaycan xalqına Yen il müraciətinin əsas leytmotivi ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpası, Cənubi Qafqazda təhlükəsizlik məsələləri, güclü ordu, hərbi sənayenin inkişafı, iqtisadi artım və Azərbaycanda keçirilən COP29 iqlim konfransı olub.

Prezident Əliyev bildirib ki, 2024-cü ildə bir çox önəmli hadisələr baş verib.Onlardan biri Azərbaycanın Qazax rayonunun dörd kəndinin qaytarılması olub.

“Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib” o bildirib.

Prezident çıxışında bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb.

İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə Qərb dövlətlərinin mövqeyini tənqid edib.

“Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır”, o bildirib.

Əliyev hesab edir ki, Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü mümkün olan sülhü poza bilər.

Prezident Əliyev çıxışında bunları nəzərə alaraq gələn ilin hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artırıldığını vurğulayıb.

“Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə“.

Prezident Əliyev həmçinin deyib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası davam edir.

“Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır”, o deyib.

Prezident Əliyev hesab edir ki, ölkənin iqtisadiyyatı inkişaf etməlidir.

Onun sözlərinə görə, ölkənin valyuta ehtiyatları artıb və hazırda 72 milyard dollardan çox valyuta ehtiyatları var.

“Eyni zamanda, xarici borcumuzu da azaltmışıq və bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər. Bütün bu işləri görməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, biz bax, bu önəmli makroiqtisadi rəqəmləri əldə etmişik. Həm borcumuzu azaltmışıq, həm ehtiyatlarımızı artırmışıq və bu, imkan verir ki, biz geniş sosial proqramlar icra edək”, prezident bildirib.

Onun sözlərinə görə, 2019-cu ildən bu yana dörd sosial paket layihəsi, proqramı icra edilib və gələn il beşinci paket icra ediləcək.

Prezident çıxışında bu layihələrə ayrılacaq vəsaitin 7,5 milyard manat olacağını deyib.

İlham Əliyev 2024-cü ildə Azərbaycanda keçirilən COP 29 iqlim konfransına da toxunub.

“COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının bütün səyləri əbəs oldu. Bu, hələ də davam edir. COP-dan sonra da artıq iki aya yaxındır davam edir, bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır - Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq. Onun arxasında duran ölkələrin adlarını mən heç çəkmək də istəmirəm. Azərbaycan xalqı o ölkələri yaxşı tanıyır. Qeyri-hökumət təşkilatları hansı mənbədən vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı bilir. Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür”, o bildirib.

Prezident Əliyev Qərb ölkələrindən maliyyələşən qeyri-hökumət təşkilatları və media deyəndə hazırda həbsdə olan hüquq müdafiəçilərinə və jurnalistlərə işarə edib.

Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamenti, Avropa Şurası, həmçinin ABŞ Dövlət Departamenti ölkədə haqsız yerdə həbsdə olanların azad edilməsini tələb edib. Yerli hüquq müdafiə təşkilatlarının son hesabatında 331 nəfər siyasi məhbus kimi tanınıb.

Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə deyib ki, Azərbaycanda uzun illərdir insan hüquq və azadlıqları pozulur.

“İnsan haqlarını pozan şəxslər isə demək olar ki, çox vaxt cəzasız qalıblar. Azərbaycan hakimiyyəti fürsət yaranan kimi insan hüquq və azadlıqlarının pozulmasını, ictimai-siyasi fəallara qarşı repressiyanı sərtləşdirir. Ötən ildən Azərbaycan hakimiyyəti repressiyaları daha da sərtləşdirib, onlarla ictimai-siyasi şəxs saxta ittihamlar və siyasi motivlərlə həbslərə məruz qalıb. Bu da siyasi məhbusların sayının artmasına səbəb olub. Ötən ildən sərtləşən repressiya siyasəti 2014-cü ilin repressiyası zamanı zəiflədilmiş vətəndaş cəmiyyətinə növbəti dəfə ağır zərbə vurur. Artıq insanlar qrup şəklində saxta ittihamlara və həbslərə məruz qalır. Bütün bu hallar beynəlxalq aləmdə insan haqları ilə bağlı mənfi imic qazanmış Azərbaycanın imicini daha da pisləşdirir və bir dövlət olaraq Azərbaycanın ziyanınadır”, o deyib.

Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycan hakimiyyəti repressiya siyasətini dayandırmalı, saxta ittihamlarla həbs edilmiş şəxsləri azadlığa buraxmalıdır.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və insanların qanun qarşısında bərabər olduğunu bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: "Tramp savaşı bitirməkdə "həlledici" rol oynaya bilər"
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG