Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 8 nəfərin (3 kişi, 5 qadın cinsli) müalicəsi Bakıda Yeni Klinikada davam etdirilir.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında deyilir.
"Dekabrın 30-da Yeni Klinikaya hospitalizasiya olunan pasiyentlərdən 1 nəfərin vəziyyəti orta ağır stabildir. Travmatik koma vəziyyətində gətirilən xəstələrdən ikisinin vəziyyəti isə kritik ağır stabil olaraq qiymətləndirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmo-hemotoraks diaqnozu ilə hər iki xəstənin protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Daha öncə hospitalizasiya olunan 14 nəfərdən 5 nəfərinin də hazırda Yeni Klinikada stasionar müalicəsi davam etdirilir. Onların vəziyyətləri qənaətbəxşdir”, TƏBİB bildirir.
2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Qroznıya uçan “Embraer” təyyarəsi Aktau hava limanından 3 kilometr aralıda məcburi eniş etmək istəyərkən qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədə 67 nəfər - 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 3 nəfər ölüb, 2 nəfər sağ qalıb.
Forum