Accessibility links

Bakı-Kazan-Bakı aviareysi ləğv edilib


"Azərbaycan Hava Yolları" QSC (AZAL) yanvarın 8-nə planlaşdırdığı Bakı-Kazan-Bakı reysini ləğv edib.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu qərar Kazan üzərində “Kovyor” planı səbəbindən hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.

Qeyd edilib ki, uçuşların təhlükəsizliyi AZAL üçün prioritetdir və aviaşirkət beynəlxalq standartlara ciddi şəkildə riayət edir.

Bundan əvvəl yerli mediada Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190/195 təyyarəsinin Bakı-Kazan marşrutu üzrə uçuş zamanı, yanvarın 1-də Rusiyanın Həştərxan vilayəti üzərində radio maneələr və GPRS pozuntuları ilə üzləşdiyi barədə məlumat yayıb.

Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Azərbaycanın bəzi media resurslarında 2025-ci il yanvarın 1-də “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı–Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində guya təhlükə ilə üzləşməsi barədə məlumat yayılıb.

"AZAL-ın adıçəkilən reysi cədvələ uyğun olaraq və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə yerinə yetirilib", cavabda qeyd edilir.

Bununla yanaşı, mətbuat xidməti Azərbaycan təyyarəsinin radio maneələr və GPRS pozuntuları ilə üzləşdiyi barədə məlumata aydınlıq gətirməyib.

AZAL Bakı-Kazan reyslərini bazar ertəsi, çərşənbə və şənbə günləri həyata keçirir.

Xatırladaq ki, ötən il dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysnini həyata keçirən təyyarəsi Qroznı üzərində xarici təsirə məruz qaldıqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi eniş edərkən qəzaya uğrayıb. Qəza nəticəsinə təyyarədə olan 67 insandan 38-i həlak olub. Bundan sonra AZAL təhükəszilik məqsədi ilə Ufa, Samara, Nijni Novqorod, Mineralnoe Vodı, Soçi, Volqoqrad, Qroznı, Vladikavkaz və Mahaçqala da daxil olmaqla, bir sıra Rusiya şəhərlərinə uçuşları qeyri-müəyyən vaxtadək dayandırıb.

Forum

XS
SM
MD
LG