AZAL-ın Qazaxıstanın Aktau şəhəri yaxınlığından qəzya uğrayan təyyarəsində xəsarət alan 10 nəfərin (Azərbaycan və Rusiya vətəndaşları) müalicəsi davam etdirlir.
Azərbaycanın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 5 nəfərin (1 kişi, 4 qadın) müalicəsi Bakıda Yeni Klinikada davam etdirilir. Daha 1 nəfər isə bu gün, yanvarın 10-da kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.
“Hazırda stasionar müalicəsi davam etdirilən digər şəxslərdən 2 nəfərin vəziyyəti qənaətbəxş, 1 nəfərin vəziyyəti kafi, Reanimasiya şöbəsində müalicə alan 2 nəfərin vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir”, TƏBİB qeyd edir.
TƏBİB bildirir ki, ambulator müalicə üçün evə buraxılan şəxslərin sağlamlıq durumları həmin şəxslərin məskunlaşdığı ərazilərdəki aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətdə saxlanılır, zərurət yarandığı hallar üzrə psixoloji dəstəklə də təmin ounurlar.
Rusiya Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov RİA agentliyinə bildirib ki, təyyarə qəzasında yaralanan 5 rusiyalı xəstəxanalarda müalicəsini davam etdirir.
"Beş qurbanın federal mərkəzlərdəki xəstəxanalarda müalicəsi davam edir, onların vəziyyəti orta ağır, müsbət dinamika ilə qiymətləndirilir", Kuznetsov bildirib.
O, təyyarə qəzasında xəsarət alan bir qızın vəziyyətinin yaxşılaşdığını və həkimlərin ambulator müşahidəsi üçün xəstəxanadan buraxıldığını deyib.
2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Qroznıya uçan “Embraer” təyyarəsi Aktau hava limanından 3 kilometr aralıda məcburi eniş etmək istəyərkən qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədə 67 nəfər - 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 3 nəfər ölüb, 2 nəfər sağ qalıb.
Forum