Rusiya İstintaq Komitəsi 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-E190” təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində 39 nəfərin ölümü və 28 nəfərin xəsarət alması ilə bağlı cinayət işinin (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi) istintaqını davam etdirir.
Bu barədə Rusiya İstintaq Komitəsi yanvarın 15-də məlumat yayıb.
Məlumatda deyilir ki, İstintaq Azərbaycanın və Qazaxıstanın səlahiyyətli orqanları ilə əməkdaşlıq əlaqələri qurub.
"Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə əməkdaşlıqda Braziliyanın Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində (SENIPA) təyyarənin uçuşunu qeydə alan cihazlardan əldə edilmiş məlumatlar öyrənilir. Qroznı, Mahaçqala və Mineralnıye Vodı dispetçerləri ilə təyyarə komandiri arasında aparılan danışıqlar təhlil edilir. Hərtərəfli aviasiya texniki ekspertizası təyin edilib. Bütün təyyarə sistemlərinin vəziyyəti, habelə maddi sübutlar araşdırılır. Hava Hərəkətinin İdarə Edilməsi Sistemi və Hava Hücumundan Müdafiə Sisteminin vəzifəli şəxslərinin hərəkətlərinin qiymətləndirilməsi üçün təşkil edilmiş komissiya tərəfindən hərtərəfli təşkilati-texniki və məhkəmə-tibbi ekspertizası təyin edilib. İstintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyalar üzərində işləyir”, Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Ötən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus “Embraer 190” sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi eniş edərkən qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Yanvarın 2-də Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (SENIPA) mütəxəssisləri qəzaya uğrayan “Embraer 190” təyyarəsinin qara qutularını tədqiq etməyə başlayıb.
Təyyarənin uçuş reqistratorlarının (qara qutularının) şifrəsinin açılması yanvarın 7-də başa çatıb.
Azərbaycan rəsmiləri AZAL-ın Bakı-Qroznı maşrutu ilə uçan təyyarəsinin Rusiya ərazisində xarici təsirə məruz qaldıqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi eniş edərkən qəzaya uğradığını bildirib.
Sağ qalan sərnişinlər də təyyarənin Rusiya səmasında vurulduğunu bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyadan üzr istəməsini, günahkarların cəzalandırılmasını və kompensasiya verilməsini istəyib. Rusiya Prezidenti Vladimir Putin təyyarənin Rusiya səmasında vurulduğuna görə üzr istəyib. Amma digər tələblərlə bağlı Rusiya hələ açıqlama verməyib.
Yanvarın 14-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qara qutularının oxunması mətbuatda verilən bəzi ilkin qənaətləri təsdiqləmir.
“Braziliyada xüsusi iclas keçirildi, biz qara qutuları açdıq, onların məzmunu artıq çoxlu maraqlı məlumatlar təqdim edib, məzmunu bizi bir daha inandırır ki, tam hüquqi bir görüş gözləmək lazımdır”, o qeyd edib.
Baş diplomat deyib ki, indi qara qutuların məlumatı ilə təsdiqlənməyən məlumatlardan istifadə edərək media məkanında atmosferi qarışdırmağa ehtiyac yoxdur.
Rusiya xarici işlər nazirinin bu bəyanatına rəsmi Bakı hələ şərh verməyib.