Accessibility links

ABŞ səfirliyi AZTV-yə cavab verib


ABŞ səfirliyi
ABŞ səfirliyi

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan Dövlət Televiziyasının (AZTV) “Həftə” proqramında bu qurumun direktorunun ABŞ Dövlət Departamentinin Azərbaycanda insan hüquqları ilə bağlı bəyanatı barədəki süjetinə münasibət bildirib.

AZTV və Azərbaycan Xarici İşlər Nazirliyi ilə ABŞ səfirliyi arasında qarşılıqlı “söz atışması” artıq ikinci həftədir davam edir.

ABŞ səfirliyi dekabrın 22-də efirə gedən süjetə cavabında ölkədə 300 nəfərdən çox siyasi məhbusun olduğunu qeyd edir.

“Son vaxtlar uydurma ABŞ xoxanlarına qarşı məktəb həyətindəki dalaşqanlara xas sözlər işlədilir. Bu ayın “ən məşhur”ları AZTV-nin “Həftə” verilişinin “açıq şantaj” və “namərdlik” sözləri oldu. Yaxşı cəhddir, ancaq, bu, diqqəti Azərbaycanda 300 nəfərdən artıq siyasi məhbusun əsassız ittihamlarla həbsdə olmasından və onların bayramlarını ailələrindən uzaqda keçirmələrindən yayındıra bilməyəcəkdir”, səfirliyin açıqlamasında deyilir.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib.

“Bir sözlə, bütün bunları və ABŞ-ın Bakıdakı səfirliyinin əvvəlki təxribat xarakterli şərhlərini nəzərə alsaq, özünü söz azadlığının müdafiəçisi kimi göstərən ABŞ-ın media azadlığına dözümsüzlüyü heyrət doğurur. Görünən odur ki, ABŞ-ın indiki administrasiyası xəyali və mifik iddialar üzərində dayanaraq, xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək üçün əlindən gələni edir”, Ayxan Hacızadə X platformasında qeyd edib.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə" İttifaq siyasi məhbusların yeni siyahısını dərc edib. Siyahıya görə, bu il sentyabrın 23-dən dekabrın 12-dək Azərbaycanda siyasi məhbusların sayı 17 nəfər artaraq 331 nəfər çatıb. Belə ki, sentyabrın 23-də 319 nəfərin adı siyahıya daxil edilib. İndiyədək onlardan 5 nəfəri həbsdən azadlığa buraxılıb, daha 17 nəfər həbs edilib.

Yeni həbs edilənlərin əksəriyyəti “Meydan TV” internet nəşrinin əməkdaşları, digər media işçiləri, hüquq müdafiəçisi Rüfət Səfərov, politoloq Azər Qasımlı və dindarlardır.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller dekabrın 17-də ənənəvi brifinqdə “Azadlıq radiosunun jurnalisti Fərid Mehrəlizadəyə qarşı məhkəmə işi ilə bağlı suala cavabda Azərbaycan hökumətini ölkədə media azadlıqlarına hörmət etməyə çağırıb.

Bundan bir həftə öncə Vaşinqtonda düzənlənən mərasimlərdə ABŞ Dövlət Katibi hazırda Azərbaycanda həbsdə olan “Abzas Media” jurnalisti Sevinc Vaqifqızıya Korrupsiyaya Qarşı Mübarizə Çempionu və həbsdə olan hüquq müdafiəçisi, “Müdafiə Xətti” təşkilatının həmtəsisçisi Rüfət Səfərova ABŞ Dövlət Departmentinin İnsan Hüquqları Müdafiəçisi mükafatları təqdim edib.

Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Antoni Blinken Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə çağırıb.

“Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, Meydan TV-nin bu yaxınlarda həbs olunan əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırır,” Antoni Blinken dekabrın 11-də yaydığı bəyanatda bildirib.

Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.

Azərbaycan Sərhədsiz Reportyorların 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərar tutub.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG