Accessibility links

Beynəlxalq təşkilatlar jurnalist Əfqan Sadıqovun Azərbaycana ekstradisiya edilməməsinə çağırırlar


Əfqan Sadıqov
Əfqan Sadıqov

Beynəlxalq insan hüquqları təşkilatları Gürcüstan hakimiyyətini azərbaycanlı jurnalist Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasını dayandırmağa və onun fundamental hüquqlarını qorumağa çağırırlar.

“Biz Gürcüstan hökumətini onun müdafiəsini təmin etməyə və Gürcüstanın insan hüquqlarını və əsas azadlıqlarını qorumaqla bağlı beynəlxalq öhdəliklərinə uyğun olaraq onu və ailəsini təhlükəsiz sığınacaqla təmin etməyə çağırırıq”, İnsan Hüquqları Naminə Beynəlxalq Tərəfdaşlıq (IPHR), Açıq Müqavilə Tərəfdaşlığı (OCP), “Crude Accountability” və İnsan Hüquqları Evi Fondunun (HRHF) yaydığı birgə bəyanatda vurğulanır.

Ötən ilin sonlarından ailəsi ilə birgə Gürcüstanda yaşayan Azel.TV müstəqil xəbər saytının baş redaktoru avqustun 3-də Tbilisidə saxlanılıb və barəsində ekstradisiya məqsədi ilə həbs qətimkan tədbiri seçilib.

Məhkəmədə Əfqan Sadıqova qarşı Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən hədə-qorxu ilə tələbetmə ittihamı üzrə cinayət işi qaldırıldığı bildirilib. Jurnalist barəsindəki cinayət işini peşə fəaliyyəti ilə əlaqələndirir, Azel TV-də dərc edilən tənqidi yazılara və videolara görə təqib edildiyini bildirir.

Noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi Sadıqovun Azərbaycana ekstradisiya edilməsi ilə bağlı qərar çıxarıb.

Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə ekstradisiya qərarından apellyasiya şikayətinin verildiyini, ancaq Əfqan Sadıqovun səhhətinə görə apellyasiya baxışının vaxtının hələ təyin edilmədiyini bildirib.

“Əfqan hazıda təcridxananın hospitalında saxlanılır. Onun vəziyyəti çox ağırdır. Sonuncu dəfə dekabrın 6-da onu müayinə ediblər. Paltar geyinmiş halda çəkisi 60 kiloqram olub. Təcridxanaya daxil olanda 93 kiloqram idi. Qış geyimini də nəzərə alanda təxminən 35 kiloqram çəki itirib”, Sevinc Sadıqova deyib.

Sadıqovanın sözlərinə görə, həkim 80 gündür həbsinə etiraz olaraq aclıq edən Əfqan Sadıqovun çəki itirməsi üçün bədənində daha heç nə qalmadığını deyib.

“Onun skeleti qalıb, dəri və sümükdən ibarətdir. İndi vitamin çatışmamazlığından dərisində qabıqlaşma gedir. Adam əlini vuranda dərisindəki qabıqlar qopub tökülür”, Sevinc Sadıqova bildirib.

Hüquq müdafiə təşkilatları hesab edir ki, Azərbaycanda son zamanlarda siyasi motivli həbslərin artması, cəzasızlıq mühitində jurnalistlərə qarşı fiziki və məhkəmə təzyiqi ilə bağlı etibarlı iddialar, habelə Azərbaycanın Avropa Şurasının İşgəncə Əleyhinə Komitəsi (CPT) ilə əməkdaşlığı dayandırması fonunda Sadıqovun Azərbaycana ekstradisiya edilməsi onu əhəmiyyətli işgəncə və pis rəftar riski ilə üz-üzə qoyacaq.

“Azərbaycanda işgəncənin sistematik və geniş yayıldığı yaxşı sənədləşdirilib. Human Rights Watch bu yaxınlarda Azərbaycanı xaricdəki vətəndaşlarını transmilli repressiyaya məruz qoyan hökumətlər siyahısına əlavə edib”, bəyanatda vurğulanır.

Bu baxımdan beynəlxalq təşkilatlar qeyd edir ki, Gürcüstan jurnalisti Azərbaycana ekstradisiya etməklə, Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 3-cü maddəsi üzrə öhdəliklərini pozmuş olacaq.

Konvensiyanın 3-cü maddəsi dövlətlərə xarici vətəndaşları real işgəncə və ya pis rəftar riski ilə üzləşə biləcəyinə inanmaq üçün əhəmiyyətli əsasların mövcud olduğu ölkəyə verilməsini qadağan edir.

Bununla yanaşı, Sadıqovun ekstradisiyasının BMT-nin İşgəncələrə Qarşı Konvensiyasının 3-cü maddəsində təsbit olunmuş şəxslərin təqib və ya zərərlə üzləşə biləcəkləri ölkəyə qaytarılmasını qadağan edən geri qaytarmama prinsipinə də zidd olacağı qeyd olunur.

Bəyanatda 80 gündür aclıq aksiyası edən və son məhkəmə iclasına əlil arabasında gətirilən Sadıqovun səhhəti ilə bağlı da ciddi narahatlıq ifadə edilir.

“Biz Apellyasiya Məhkəməsini Əfqan Sadıqovun geri qaytarıldığı təqdirdə üzləşəcəyi təqib, işgəncə və qeyri-insani rəftarın etibarlı, real və əhəmiyyətli risklərini nəzərə alaraq, onun Azərbaycana ekstradisiyasının təsdiq edilməsi barədə qərarı hərtərəfli və qərəzsiz şəkildə yenidən nəzərdən keçirməyə çağırırıq”, hüquq müdafiə təşkilatları qeyd edirlər və Sadıqovun daha çox zərər görməməsini təmin etmək üçün ekstradisiya qərarının ləğv edilməsinə çağırırlar.

Daha əvvəl Azərbaycanda məhkumluq həyatı yaşayan Əfqan Sadıqov ötən ilin dekabrında Gürcüstana köçüb. O, Gürcüstana müalicə üçün getdiyini, daha sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.

Jurnalist Gürcüstanı tərk etmək istəyərkən iyulun 17-də Tbilisi aeroportunda saxlanılıb, onun üçüncü ölkəyə çıxışına icazə verilməyib.

Gürcüstanda da təhdidlərə məruz qaldığını bildirən Sadıqov bu səbəbdən digər bir ölkəyə üz tutmaq istədiyini, Tbilisi aeroportundan xarici ölkələrə buraxılmaması sifarişini Azərbaycan hakimiyyətinin verdiyini qeyd edib.

Avqustun 3-də saxlanılan Əfqan Sadıqov barəsində növbəti gün Tbilisi Şəhər Məhkəməsi tərəfindən ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmədə Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən hədə-qorxu ilə tələbetmə ittihamı üzrə cinayət işi qaldırıldığı bildirilib.

Əfqan Sadıqov barəsindəki cinayət işini jurnalist fəaliyyəti ilə əlaqələndirir, Azel TV-də dərc edilən tənqidi yazılara və videolara görə təqib edildiyini bildirir.

Sadıqov daha əvvəl 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Həbsxanada olarkən 242 gün aclıq aksiyası keçirən Sadıqovu yerli hüquq müdafiəçiləri siyasi məhbus kimi tanıyıb.

Forum

XS
SM
MD
LG