Accessibility links

Beynəlxalq media təşkilatı Gürcüstanı jurnalist Əfqan Sadıqovu azad etməyə çağırıb


Arxiv fotosu
Arxiv fotosu

Avropada mətbuat azadlığına təhdidləri monitorinq edən Media Azadlığı Sürətli Müdaxilə (Media Freedom Rapid Response - MFRR) platformasının tərəfdaş təşkilatları Gürcüstanda həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqovun azad edilməsinə çağırıb.

“MFRR-in tərəfdaş təşkilatları Gürcüstan hakimiyyətini jurnalist Əfqan Sadıqovu Azərbaycana ekstradisiya etməməyə və onu ekstradisiya həbsindən azad etməyə çağırır. Bundan əlavə, hakimiyyət Sadıqova sərbəst şəkildə Gürcüstanı tərk edərək üçüncü ölkəyə getməyə icazə verməlidir”, bəyanatda qeyd edilir.

Avqustun 3-ü Tbilisidə Gürcüstan polisi tərəfindən saxlanılan Azel TV saytının rəhbəri Əfqan Sadıqov barəsində növbəti gün Tbilisi Şəhər Məhkəməsi tərəfindən ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, Sadıqov Azərbaycanda “hədə-qorxu gəlmək” ittihamı ilə axtarışda olub. Azərbaycan Daxili İşlər Nazirliyi jurnalistə qarşı cinayət işinin detalları ilə bağlı Amerikanın Səsinin sorğusuna cavab verməyib.

Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova avqustun 10-da Gürcüstanın baş prokuroru və Penitensiar Xidmətin rəisinə açıq müraciət ünvanlayaraq jurnalistlə görüşə şərait yaradılmasını tələb edib.

“Azərbaycan hökuməti, İlham Əliyevin sifarişi ilə Gürcüstanda həbs edilən həyat yoldaşım Əfqan Sadıqovun həyatından narahatlıq keçirirəm.Onun harda və necə saxlandığını bilmirəm. Onun sağlamlığı, işgəncəyə məruz qalıb-qalmaması mənə məlum deyil. Ailə üzvü kimi mən və övladlarım Əfqanla görüşmək haqqına sahibik”, Sevinc Sadıqova deyib.

MFRR bəyanatında həmçinin azərbaycanlı jurnalistlərin daha əvvəl də Gürcüstanda təhdid və təqiblərə məruz qaldığını, jurnalist Əfqan Muxtarlının qaçırılaraq zorla Azərbaycana qaytarıldığını, bloger Hüseyn Bakıxanovun Tbilisidə müəmmalı şəraitdə vəfat etdiyini vurğulayıb.

Daha əvvəl Azərbaycanda məhkumluq həyatı yaşayan Əfqan Sadıqov ötən ilin dekabrında Gürcüstana köçüb. O, Gürcüstana müalicə üçün getdiyini, daha sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.

Jurnalist Gürcüstanı tərk etmək istəyərkən iyulun 17-də Tbilisi aeroportunda saxlanılıb, onun üçüncü ölkəyə çıxışına icazə verilməyib və bir qədər sonra sərbəst buraxılıb.

Gürcüstanda da təhdidlərə məruz qaldığını bildirən Sadıqov bu səbəbdən digər bir ölkəyə üz tutmaq istədiyini, Gürcüstan aeroportundan xarici ölkələrə buraxılmaması sifarişini Azərbaycan hakimiyyətinin verdiyini qeyd edib.

“Bu, mənim son vaxtlar dərc etdiyim tənqidi yazılar və videolarımla bağlıdır. Hazırda barəmdə hər hansı cinayət işi yoxdur. Lakin hesab edirəm ki, ölkəyə dönsəm, tənqidi yazılarıma görə məni də digər juranlistlər kimi şərləyib həbs edəcəklər. Gürcüstanda da təhdidlərə məruz qalmışam”, Sadıqov həbsindən əvvəl Amerikanın Səsinə deyib.

Sadıqov daha əvvəl 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Həbsxanada olarkən 242 gün aclıq aksiyası keçirən Sadıqovu yerli hüquq müdafiəçiləri siyasi məhbus kimi tanıyıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG