Accessibility links

Tbilisi məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovu iki ay müddətinə həbs edib


Əfqan Sadıqov
Əfqan Sadıqov

Avqustun 4-də Tbilisi məhkəməsi Azel.Tv saytının rəhbəri Əfqan Sadıqova qarşı 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bu barədə Amerikanın Səsinə jurnalistun həyat yoldaşı Sevinc Sadıqova bildirib.

Onun sözlərinə görə, məhkəmə Azərbaycanda Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi qaldırıldığını bildirib.

“İyun ayında Bakıda Asan Xidmətə həyat yoldaşıma qarşı cinayət və ya məhkəmə işinin olub-olmaması, axtarışda olub-olmaması ilə bağlı sorğu göndərdim. Sorğuya verilən cavabda sadəcə onun barəsində məhkumluğun olduğu göstərilib”, Sadıqova bildirib.

O hesab edir ki, həyat yoldaşına qarşı cinayət işi saxtadır. Sadıqova bildirib ki, həbs qərarından apellyasiya şikayəti veriləcək.

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı jurnalistin Azərbaycan tərəfinin axtarışı əsasında saxlanıldığını bildirib.

“Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları təhdid və hədə-qorxu ilə tələb etdiyinə görə Azərbaycan Respublikası tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı Əfqan Sadıqovu sonrakı ekstradisiyası məqsədilə saxlayıb. Həmin şəxs 2024-cü ildən axtarışdadır”, Gürcüstan Daxili İşlər Nazirliyi İnterpressnews nəşrinə bildirib.

Əfqan Sadıqovun vəkili Dimitri Dito Nozadze deyib ki, bu ilin mayında Azərbaycan məhkəməsi hədə-qorxu yolu ilə tələb etmə ittihamı ilə Sadıqovun barəsində axtarış qərarı çıxarıb.

"Gürcüstanın Hüquqları" (Rights Georgia) hüquq müdafiə təşkilatı Tbilisidə həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqovun maraqlarını qoruduğunu elan edib. Bu təşkilat 2017-ci ildə Tbilisidə həbs edilən və Azərbaycan məhkəməsi tərəfindən 6 il azadlıqdan məhrum edilən azərbaycanlı jurnalist Əfqan Muxtarlının maraqlarını da Gürcüstanın Milli Məhkəmələrində və Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edib.

“Mövcud məlumata görə, Əfqan Sadıqovu Azərbaycanda yüksək vəzifəli məmura qarşı hədə-qorxu ilə tələbetmə ittihamı elan edən Azərbaycan hökumətinin tələbi əsasında gürcü hüquq mühafizəçiləri həbs edib. Gürcüstan Prokurorluğu ehtiyat tədbiri olaraq Sadıqov barəsində həbs cəzası tələb edir. Gürcüstan tərəfinin Sadıqovun sadələşdirilmiş şəkildə Azərbaycana ekstradisiyasını planlaşdırdığı şübhə doğurur”, "Gürcüstanın Hüquqları" (Rights Georgia) hüquq müdafiə təşkilatı Facebook hesabında bildirib.

Bundan öncə Sadıqov iyulun 17-də Gürcüstandan Ankaraya getmək istəyərəkən Tbilisi aeroportunda saxlanılıb. Jurnalist ölkədən xaricə buraxılmasa da, bir qədər sonra sərbəst buraxılıb.

Sadıqov iyulun 17-də Amerikanın Səsinə deyib ki, onu Tbilisi aeroportunda pasport-nəzarət keçidində saxlayıblar.

Jurnalist Amerikanın Səsinə deyib ki, onun Gürcüstan aeroportundan xarici ölkələrə buraxılmaması sifarişini Azərbaycan hakimiyyəti verib.

“Bu, mənim son vaxtlar dərc etdiyim tənqidi yazılar və videolarımla bağlıdır. Hazırda barəmdə hər hansı cinayət işi yoxdur. Lakin hesab edirəm ki, ölkəyə dönsəm tənqidi yazılarıma görə məni də digər juranlistlər kimi şərləyib həbs edəcəklər. Gürcüstanda da təhdidlərə məruz qalmışam. Hətta Azərbaycanda yaşayan ailə üzvlərimi hüquq-mühafizə orqanlarından zəng edib təhdid ediblər. Deyiblər ki, Əfqan tənqidi yazılarını dayandırmasa, ailənin taleyi heç də yaxşı olmayacaq. Bu səbəbdən Gürcüstanı tərk etmək istəyirik”, o qeyd edib.

Bununla yanaşı, rəsmi Bakı jurnalistin Gürcüstandan çıxışına qadağa qoyulıması ilə bağlı iddiasına hələ münasibət bildirməyib.

Jurnalist ötən il dekabrın 24-dən Gürcüstanda yaşayır. O, Gürcüstana müalicə üçün getdiyini və sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.

Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. O, həbsxanada 242 gün aclıq edib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Forum

XS
SM
MD
LG