Amnesty International hüquq müdafiə təşkilatı avqustun 3-də saxlanılan və Gürcüstanda deportasiya məqsədi ilə təcridxanaya yerləşdirilən Azel.TV saytının rəhbəri, azərbaycanlı jurnalist Əfqan Sadıqovun ekstradisiyasını dayandırmaq üçün Gürcüstan hökumətinə çağırış edib.
Amnesty International-ın rəhbərinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə müavini Denis Krivoçev (Denis Krivosheev) Gürcüstan hökumətinin beynəlxalq öhdəliklərinə və geri göndərməmə prinsipinə hörmət etməli olduğunu və Sadıqovun Azərbaycana ekstradisiyasını dayandırmalı olduğunu bildirib.
Krivoçev Sadıqov ekstradisiya olunarsa onun ciddi insan hüquqları pozuntuları, o cümlədən işgəncə, qanunsuz həbs və ədalətsiz məhkəmə ilə üzləşə biləcəyini vurğulayıb.
O, Sadıqovun işini Azərbaycanda müstəqil medianın boğulmasına yönəlmiş daha geniş bir tendensiyanın bir hissəsi olaraq təsvir edib və bu tendensiyanın COP 29 iqlim sammiti yaxınlaşdıqca gücləndiyini qeyd edib.
Amnesty International həmçinin Azərbaycan hakimiyyətini jurnalistlərə və hökumət tənqidçilərinə qarşı siyasi motivli hərəkətlərə son qoymağa və yalnız ifadə azadlığından istifadə etdikləri üçün həbs edilən şəxslərin dərhal azadlığa buraxılmasını tələb edib.
Əfqan Sadıqov avqustun 3-də Gürcüstan polisi tərəfindən saxlanılıb.
Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi hakim Ketevan Caçvadzenin sədrliyi ilə Əfqan Sadıqov barəsində ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Məhkəmədə Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi qaldırıldığı bildirilib.
Bununla yanaşı, Azərbaycan Daxili İşlər Nazirliyi jurnalistin həbsinin səbəbləri ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.
Sadıqovu bundan öncə iyulun 17-də Tbilisi aeroportunda pasport-nəzarət keçidində saxlayıblar və sonra sərbəst buraxıblar.
Jurnalist Amerikanın Səsinə deyib ki, onun Gürcüstan aeroportundan xarici ölkələrə buraxılmaması sifarişini Azərbaycan hakimiyyəti verib.
“Bu, mənim son vaxtlar dərc etdiyim tənqidi yazılar və videolarımla bağlıdır. Hazırda barəmdə hər hansı cinayət işi yoxdur. Lakin hesab edirəm ki, ölkəyə dönsəm tənqidi yazılarıma görə məni də digər jurnalistlər kimi şərləyib həbs edəcəklər. Gürcüstanda da təhdidlərə məruz qalmışam. Hətta Azərbaycanda yaşayan ailə üzvlərimi hüquq-mühafizə orqanlarından zəng edib təhdid ediblər. Deyiblər ki, Əfqan tənqidi yazılarını dayandırmasa, ailənin taleyi heç də yaxşı olmayacaq. Bu səbəbdən Gürcüstanı tərk etmək istəyirik”, o qeyd edib.
Jurnalist ötən il dekabrın 24-dən Gürcüstanda yaşayır. O, Gürcüstana müalicə üçün getdiyini və sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.
Azel.TV saytının rəhbəri Əfqan Sadıqov 2020-ci ilin mayında da hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.
2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. O, həbsxanada 242 gün aclıq edib.
Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Forum