“Biz Əfqan Sadıqovun Tbilisidə saxlanılması ilə bağlı xəbərlərdən dərin narahatıq. Biz Gürcüstan hakimiyyətini insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə və onu tez bir zamanda azad etməyə çağırırıq”.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Turan İnformasiya Agentliyinə bildirib.
“Onun həbsi Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyaların davam etdiyi bir vaxta təsadüf edir və biz bir daha Azərbaycan hökumətini haqsız yerə həbs olunanların hamısını dərhal azad etməyə, vətəndaş cəmiyyəti, o cümlədən xaricdəkiləri hədəfə almamağa və mətbuat azadlığına zərbə vurmaq cəhdlərinə son qoymağa çağırırıq”, Dövlət Departamentinin nümayəndəsi bildirib.
Azərbaycan Daxili İşlər Nazirliyi jurnalistin həbsinin səbəbləri ilə bağlı Amerikanın Səsinin sorğusuna cavab verməsə də, məhkəmədə Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi qaldırıldığı bildirilib.
Daha əvvəl Azərbaycanda məhkumluq həyatı yaşayan Sadıqov ötən ilin dekabrında Gürcüstana köçüb. O, Gürcüstana müalicə üçün getdiyini, daha sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.
Jurnalist Gürcüstanı tərk etmək istəyərkən iyulun 17-də Tbilisi aeroportunda saxlanılıb, ölkədən çıxışına icazə verilməsə də, bir qədər sonra sərbəst buraxılıb.
Gürcüstanda da təhdidlərə məruz qaldığını bildirən Sadıqov bu səbəbdən digər bir ölkəyə üz tutmaq istədiyini, Gürcüstan aeroportundan xarici ölkələrə buraxılmaması sifarişini Azərbaycan hakimiyyətinin verdiyini qeyd edib.
“Bu, mənim son vaxtlar dərc etdiyim tənqidi yazılar və videolarımla bağlıdır. Hazırda barəmdə hər hansı cinayət işi yoxdur. Lakin hesab edirəm ki, ölkəyə dönsəm, tənqidi yazılarıma görə məni də digər juranlistlər kimi şərləyib həbs edəcəklər. Gürcüstanda da təhdidlərə məruz qalmışam”, Sadıqov Amerikanın Səsinə deyib.
Əfqan Sadıqov 2020-ci ilin mayında da hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.
2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Həbsxanada olarkən 242 gün aclıq aksiyası keçirən Sadıqovu yerli hüquq müdafiəçiləri siyasi məhbus kimi tanıyıb.
Forum