Accessibility links

Avropa Jurnalistlər Federasiyası jurnalist Əfqan Sadıqovun azad edilməsinə çağırır


Əfqan Sadıqov
Əfqan Sadıqov

Avropa Jurnalistlər Federasiyası (EFJ) Gürcüstan hakimiyyətini azərbaycanlı jurnalist Əfqan Sadıqovu azad etməyə və onun Azərbaycana ekstradisiya edilməsini dayandırmağa çağırıb.

Avqustun 3-ü Tbilisidə Gürcüstan polisi tərəfindən saxlanılan Azel TV saytının rəhbəri Əfqan Sadıqov barəsində növbəti gün Tbilisi Şəhər Məhkəməsi tərəfindən ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Biz Gürcüstan hakimiyyətini Azərbaycanın saxta sübutlarla həyata keçirilən siyasi məhkəmələrinə şərik olmaqdan çəkinməyə çağırırıq”, EFJ prezidenti Maya Sever bildirib.

Azərbaycan Daxili İşlər Nazirliyi jurnalistin həbsinin səbəbləri ilə bağlı Amerikanın Səsinin sorğusuna cavab verməsə də, məhkəmədə Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi qaldırıldığı bildirilib.

Azərbaycanda ötən ildən bəri davam edən jurnalist həbslərinə toxunan Maya Sever əlavə edib ki, “repressiya dalğası” nəticəsində artıq 23 jurnalist dəmir barmaqlıqlar arxasındadır.

“Azərbaycan Rusiya və Belarusdan sonra Avropanın ən repressiv dövlətlərindən birinə çevrilib”, Sever vurğulayıb.

Daha əvvəl Azərbaycanda məhkumluq həyatı yaşayan Sadıqov ötən ilin dekabrında Gürcüstana köçüb. O, Gürcüstana müalicə üçün getdiyini, daha sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.

Jurnalist Gürcüstanı tərk etmək istəyərkən iyulun 17-də Tbilisi aeroportunda saxlanılıb, ölkədən çıxışına icazə verilməsə də, bir qədər sonra sərbəst buraxılıb.

Gürcüstanda da təhdidlərə məruz qaldığını bildirən Sadıqov bu səbəbdən digər bir ölkəyə üz tutmaq istədiyini, Gürcüstan aeroportundan xarici ölkələrə buraxılmaması sifarişini Azərbaycan hakimiyyətinin verdiyini qeyd edib.

“Bu, mənim son vaxtlar dərc etdiyim tənqidi yazılar və videolarımla bağlıdır. Hazırda barəmdə hər hansı cinayət işi yoxdur. Lakin hesab edirəm ki, ölkəyə dönsəm, tənqidi yazılarıma görə məni də digər juranlistlər kimi şərləyib həbs edəcəklər. Gürcüstanda da təhdidlərə məruz qalmışam”, Sadıqov Amerikanın Səsinə deyib.

Əfqan Sadıqov 2020-ci ilin mayında da hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Həbsxanada olarkən 242 gün aclıq aksiyası keçirən Sadıqovu yerli hüquq müdafiəçiləri siyasi məhbus kimi tanıyıb.

Forum

XS
SM
MD
LG