Accessibility links

Məhkəmə Rüfət Səfərov barəsində dörd ay həbs qətimkan tədbiri seçib


Rüfət Səfərov
Rüfət Səfərov

Dekabrın 4-də Bakının Binəqədi Rayon Məhkəməsi hakim Aytəkin İbrahimovanın sədrliyi ilə "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Səfərov Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur.

Vəkil Elçin Sadıqov bildirib ki, Rüfət Səfərovun cinayət törətməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməyib.

“Yalnız həbs qətimkan tədbiri barədə təqdimat verildi. Müdafiə tərəfinin ev dustaqlığı ilə bağlı vəsatəti isə təmin edilmədi. Rüfət Səfərov məhkəmədə bildirdi ki, həbsi hüquq müdafiəçisi kimi ondan qisas alınmasıdır. Eyni zamanda o həbsinin ABŞ-da mükafat almasının qarşısını almaq üçün həyata keçirildiyini diqqətə çatdırdı. O qeyd etdi, Elmar Hüseynov kimi nəticə gözləyirdi (jurnalist Elmar Hüseynov 2005-ci ilin martında evinin astanasında qətlə yetirilib, qatillər və sifarişcilər hələ də həbs edilməyib-red), həbs edilməsi daha yüngül cəza oldu”, vəkil qeyd edib.

Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.

Daxili İşlər Nazirliyi Amerikanın Səsinə bildirib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə baş verib və bununla bağlı araşdırma aparılır.

Rüfət Səfərov isə sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.

“Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir. İki gün sonra ABŞ-a gedəcəkdim. Belə ki, ilin güclü hüquq müdafiəçisi kimi mükafata layiq görülmüşdüm. Bəri başda mənim namizədliyimi verən ABŞ-ın Azərbaycandakı səfiri cənab Libbiyə və namizədliyimi dəstəkləyən ABŞ Dövlət Katibi cənab Blinkenə öz dərin təşəkkürümü bildirirəm”, Rüfət Səfərovun sosial media hesabında bildirilir.

Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı təsis edilib. Səfərov bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.

Forum

XS
SM
MD
LG