Almaniya Bundestaqının deputatı Frank Şvabe azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun saxlanılmasına münasibət bildirib.
“Rüfət Səfərovun həbsi İlham Əliyevin ailə sülaləsinin Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına qayıtması üçün şərtləri yerinə yetirmə istəyinin göstəricisidir. Əslində, heç bir istək yoxdur. AŞPA buna yanvarda cavab verəcək”, o X platformasında yazıb.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Rüfət Səfərov vəkili vasitəsilə sosial media hesablarında yaydığı bəyanatında onun heç bir əsas olmadan, tamamilə cəfəng və uydurma ittihamla saxlanıldığını qeyd edib.
“Bəri başdan bildirirəm ki, ittiham tamamilə şər və böhtandır, hüquq müdafiəçisi kimi fəaliyyətimlə bağlıdır. Hadisə barədə detalları vəkillərim açıqlayacaq”, Səfərov deyib.
Səfərovun həbsindən narahatlıq ifadə edən Freedom Now beynəlxalq insan hüquqları təşkilatı onun dərhal azad edilməsinə çağırıb.
“Rüfət Səfərovun insan haqları sahəsində fəaliyyətinə görə Dövlət Departamentindən mükafat almazdan bir neçə gün əvvəl Azərbaycanda saxlanılmasından çox narahatıq. Biz onu dərhal azad etməyə çağırırıq”, Freedom Now qeyd edib.
Atasının sözlərinə görə, ABŞ Dövlət katibi Antoni Blinken Rüfət Səfərova insan hüquqlarının müdafiəsinə görə ABŞ-da mükafat təqdim edəcəkdi və oğlunu bunun qarşısını almaq üçün həbs ediblər.
"Oğlum cinayətkar deyil, peşəkar fəaliyyətinə görə saxlanılıb. Bu gün viza almışdı, Amerikaya gedəcəkdi. İnsan hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyətinə görə Blinken ona mükafat təqdim edəcəkdi. Ona görə tutublar Rüfəti", Eldar Sabiroğlu deyib.
Daxili İşlər Nazirliyi Amerikanın Səsinə açıqlamasında bildirib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə baş verib və bununla bağlı araşdırma aparılır.
Hüquq müdafiəçisi Emin Hüseynov isə Səfərovun həbsini davam edən repressiyaların daha bir nüməsi olduğunu deyib.
“Bu, Azərbaycan hökumətinin növbəti açıq-aşkar pozuntusu, davam edən repressiyaların miqyasını göstərən nümunədir. Bu gün Azərbaycanda 319-dan çox siyasi məhbus var. Biz Rüfət Səfərovun digər vicdan məhbusları ilə birgə dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırırıq”, Hüseynov deyib.
Rüfət Səfərov Zərdab rayon Prokurorluğunun müstəntiqi vəsifəsindən istefa verməsi barədə 2015-ci il dekabrın 21-də Baş Prokurora ərizə yazıb. O, bu addımı iqtidarda olan Yeni Azərbaycan Partiyasının fəallarından olan atası Eldar Sabiroğlunun Prezident Adminsitrasiyasının rəhbərini kəskin tənqid etməsi nəticəsində mənəvi təzyiqlərə məruz qalmasından sonra atıb.
2016-cı ilin yanvarın 15-də isə Rüfət Səfərov Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Səfərov məhkəmə zalında həbs olunub. Məhkəmədə Rüfət Səfərov ittihamı qəbul etmədiyini bildirib, “absurd və gülməli” adlandırıb.
Yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıblar.
O, 2019-cu ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlığa buraxılıb.
Rüfət Səfərov 2020-ci ildə təsis olunmuş “Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisidir. “Müdafiə xətti” Azərbaycanda insan haqlarının qorunması və dəstəklənməsi, hüququn aliliyinin təmin edilməsinə yardım məqsədilə yaradılıb.
Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.
Forum