Accessibility links

Müxalifət liderləri Rüfət Səfərovun həbsini siyasi motivlərlə əlaqələndirir, onun siyasi məhbus olduğunu bildirirlər


Rüfət Səfərov
Rüfət Səfərov

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovun Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə şübhəli şəxs qismində saxlanılması sosial şəbəkələrdə, müxalif siaysi mühitdə və hüquq müdafiəçiləri tərəfindən tənqidlərlə qarşılanıb.

Daxili İşlər Nazirliyi Amerikanın Səsinə bildirib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə baş verib və bununla bağlı araşdırma aparılır.

Rüfət Səfərov isə sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.

“Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir. İki gün sonra ABŞ-a gedəcəkdim. Belə ki, ilin güclü hüquq müdafiəçisi kimi mükafata layiq görülmüşdüm. Bəri başda mənim namizədliyimi verən ABŞ-ın Azərbaycandakı səfiri cənab Libbiyə və namizədliyimi dəstəkləyən ABŞ Dövlət Katibi cənab Blinkenə öz dərin təşəkkürümü bildirirəm”, Rüfət Səfərovun sosial media hesabında bildirilir.

Hüquq müdafiəçisi Rüfət Səfərova cinayət işi açılaraq saxlanılıb
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Onun bu açıqlamasına rəsmi qurumlar hələlik münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hökuməti bir qayda olaraq insanların əqidəsinə görə təqib edilmədiyini, hamının hüquq qarşısında bərabər olduğunu bəyan edir.

Əli Kərimli: Hakimiyyət Rüfət bəyin ABŞ-a səfərinin qarşısını almaq üçün saxta cinayət işi uydurub

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, Rüfət Səfərov hazırda ölkənin ən cəsarətli və fəal hüquq müdafiəçisidir.

Əli Kərimli
Əli Kərimli

“O prokurorluqda işindən imtina edib, siyasi məhbus həyatı yaşayıb. Həm hüquqşünasdır, həm də rejimin hədəfində olduğunu bilir. Hər hansı qanunsuzluqda iştirakı istisna olunur. Rüfət Səfərov yaxın günlərdə ABŞ-a hüquq müdafiəçiəliyi sahəsindəki fəaliyyətinə görə mükafat almaq üçun getməli idi. Belə çıxır ki, hakimiyyət həm Rüfət bəyin ABŞ-a səfərinin qarşısını almaq, həm də hüquq müdafiəçiliyi fəaliyyətilə bağlı ondan qisas almaq üçün hansısa saxta cinayət işi uydurub. Rüfət Səfərovu şərləyib həbs etmək Azərbaycan cəmiyyətinə, ölkənin demokratik qüvvələrinə ağır zərbə olar, ancaq bu həbs olacaqsa, hakimiyyətə də yaxşı heç nə vəd etməyəcək. Ona görə də hakimiyyəti zərərin yarısından dönməyə, Rüfət Səfərova qarşı başlanmış şərləmə işindən imtina etməyə, Rüfət bəyi azad etməyə çağırıram”, o facebook səhifəsində qeyd edib.

Arif Hacılı: Əhalinin vahimədən çıxmasından narahat olan qorxunc bir kabus fırlanır

Müsavat Partiyasının Məclis sədri Arif Hacılı hesab edir ki, sanki Azərbaycanın üzərində əhalinin vahimədən çıxmasından narahat olan qorxunc bir kabus fırlanır.

Arif Hacılı
Arif Hacılı

“Dünən məhkəmənin Əli Kərimli barədə anons ediləndən daha yüngül qərar qəbul etməsi, ardınca siyasi məhbus Famil Xəlilovun ev dustaqlığına buraxılmasından sonra cəmiyyətdə mülayimləşmə siyasətinin başlandığına ümid yarana biləcəyindən narahat oldular. Hüquq müdafiəçisi Rüfət Səfərov saxlanıldı.

Rüfət Səfərov və onun rəhbərlik etdiyi ictimai təşkilat vətəndaş cəmiyyəti nümayənlərinin bir hissəsi həbs edilib, bir hissəsi ölkədən didərgin salındıqdan sonra ölkədə qalıb fəaliyyət göstərən sonuncu magikanlardan, müqavimətin sonuncu qalalarından biridir.

Rüfət Səfərov dərhal sərbəst buraxılmalı, ona qarşı təqiblərə son qoyulmalıdır”, Hacılı qeyd edib.

İsa Qəmbər: Rüfət Səfərov və bütün siyasi məhbuslar həbsdən azad edilməlidir

Müsavat Partiyasının başqanı İsa Qəmbər Rüfət Səfərovun saxlanılmasını birmənalı şəkildə qınayır.

İsa Qəmbər
İsa Qəmbər

“Səfərov Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində ən fədakar, ən çox çalışan, mübarizə aparan bir şəxsiyyətdir. Onun həbsi aydın məsələdir ki, siyasi motivlərlə bağlıdır. Həm onun fəaliyyətini ləngitmək, dayandırmaq, həm də onun nümunəsində cəmiyyəti bir daha hədələmə nümayişi həyata keçirmək məqsədi daşıyır. Yolverilməz bir hadisədir. Hesab edirəm ki, hakimiyyət bu yanlış siyasətini dayandırmalı, Rüfət Səfərovu və bütün siyasi məhbusları həbsdən azad etməlidir”, Müsavat Partiyasının başqanı Amerikanın Səsinə bildirib.

Natiq Cəfərli: Azərbaycan siyasi məhbus ayıbından qurtulmalıdır

Respublikaçı Alternativ (REAL) Partiyasının siyasi komitəsinin sədri Natiq Cəfərli Amerikanın Səsinə deyib ki, Azərbaycanda istənilən şəxslərin, istər jurnalistlər, istərsə siyasətçilər olsun, siyasi və ictimai fəaliyyətinə görə saxlanılması, həbs olunması yolverilməzdir.

Natiq Cəfərli
Natiq Cəfərli

“Bu doğru deyil. Azərbaycan nəhayət bu praktikaya son qoymalıdır. Bu, ölkənin nə beynəlxalq imicinə, nə daxildəki ortama heç cür müsbət təsir göstərən bir məsələ deyil. Ona görə də Rüfət Səfərovun saxlanılmasını doğru saymırıq. Ümid edirəm ki, yaxın zamanda bu məsələyə aydınlıq gətiriləcək və hüquq müdafiəçisi azadlıqda olacaq”, o qeyd edib.

Cəfərli hesab edir ki, ümumiyyətlə Azərbaycan birdəfəlik “siyasi məhbus ayıbı”ndan qurtulmalıdır.

“Yəni XXI əsrdə ölkədə siyasi məhbus anlayışı olmamaldır. Bunun üçün bütün siyasi partiyalar, bütün cəmiyyət tələb etməlidir ki, bu məsələ birdəfəlik Azərbaycanın gündəliyindən çıxsın”, Cəfərli əlavə edib.

Azər Qasımlı: Bu qarşıdurmada geci-tezi xalq qalib gələcək

“Siyasi Menecment” İnstitutunun rəhbəri Azər Qasımlı isə hesab edir ki, Azərbaycanda azadlıqda barmaqla sayılacaq sayda hüquq müdafiəçisi qalıb.

Azər Qasımlı
Azər Qasımlı

“Onlardan biri, cəsarəti və işgüzarlığı ilə seçilən Rüfət Səfərovdur. Görünən odur ki, Rüfət bəyi şərləyərək həbs etmək istəyirlər. Səbəb onun hüquq müdafiəçisi kimi fəaliyyət göstərməsidir. İqtidar xalqa, onun aktiv və aydın kəsiminə qarşı savaş elan edib. Bir tərəfdən insanları sosial problemlərin içində boğur, hüquqlarını tapdayır, o biri tərəfdən də xalqın ləyaqətli övladlarını məhv etməyə çalışır. Dəqiq onu bilirəm ki, bu qarşıdurmada geci-tezi xalq qalib gələcək!”, o bildirib.

Cəmil Həsənli: Milli Şura Rüfət Səfərova azadlıq tələb edir

Demokratik Qüvvələruin Milli Şurasının sədri Cəmil Həsənli Amerikanın Səsinə bildirib ki, Rüfət Səfərov ssenariləşdirilmiş əməliyyat nəticəsində saxlanılıb.

Cəmil Həsənli
Cəmil Həsənli

"Bu ssenari Milli Şuranın üzvü Tofiq Yaqublunun həbsi ilə bağlı qurulmuş ssenariyə də bənzəyir. Çünki onun da şərlənməsində hansısa məbləğdə pul verilməsindən söhbət gedir", o qeyd edib.

Həsənlinin fikrincə, Rüfət Səfərovun həbsi gözləniləndir.

"Hakimiyyət siyasi mülahizələrlə həbs etdiyi məhbuslara hüquqi, mənəvi, humanitar dəstək verən hər kəsə düşmən kimi baxır. Rüfət Səfərov son illərdə çox böyük əzmkarlıqla, vicdanla həbs olunanlarla bağllı hüquq müdafiəsi işini həyata keçirirdi. Bu da şübhəsiz ki, hakimiyyəti qəzəbləndiridi".

Milli Şuranın sədri hüquq müdafiəçisinin hazırki anda həbs edilməsinə də münasibət bildirib.

"Səfərovun məhz indi saxlanmasının da səbəbi var. Rüfət Səfərov fəaliyyətinə görə ABŞ Dövlət Departamentinin mükafatına təqdim olunmuşdu. Bu yaxınlarda Dövlət katibi Antoni Blinken ona mükafatı təqdim edəcəkdi. Həbsin indi həyata keçirilməsi daha çox bununla bağlıdır. Bu mükafat Rüfət bəyin hüquq müdafiə fəaliyyətinə bir dəstək idi. Onun beynəlxalq baxımdan tanınmasını özündə ehtiva edən bir təqdimat idi. Ona görə də bunu önləməkdən ötrü Səfərovu həbs etdilər. Şübhəsiz ki, sanksiyalaşdırılmış əməliyyatdır. Bu həm də daha yuxarı dairələrin təqdimatı ilə həyata keçirilən bir əməliyyatdır. Rüfət bəy heç bir günahın sahibi deyil. O hüquqşünasdır və qanunlara çox diqqətlə əməl edir".

Cəmil Həsənli Səfərovun dekabrın 10-da mükafatın təqdimat mərasimində iştirak etməsi üçün onun azadlığa buraxılmasını tələb edir.

"Milli Şura Rüfət Səfərova azadlıq tələb edir. İstəyirik ki, o dekabrın 10-da Vaşinqtonda keçiriləcək tədbirdə iştirak etsin. Dünən Qubad İbadoğlunun insan hüquqları sahəsində Saxarov mükafatının təqdimatında iştirakına icazəı verilmədi. Həm də dekabrın 10-da Vaşinqtonda insan hüquqları sahəsində dünyanın ən aktiv insan hüquqları müdafiəçilərinin və təşkilatlarının iştirakı ilə keçiriləcək təqdimata Rüfət Səfərovun getməsinə imkan verilmədi. O tədbir öncəsi həbs edildi. Bütün bunlar hamısı Azərbaycan hakimiyyətinin oyunlarıdır", o qeyd edib.

Bəhruz Məhərrəmov: Kiminsə mövqeyi, əqidəsi, siyasi mənsubiyyəti onu məsuliyyətdən azad edə bilməz

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Amerikanın Səsinə deyib ki, vətəndaş Rüfət Səfərovun saxlanılması və barəsində cinayət təqibi bütün prossesual tələblərə əməl edilməklə və qanunvericiliyin tələbləri rəhbər tutulmaqla həyata keçirilməkdədir.

Bəhruz Məhərrəmov
Bəhruz Məhərrəmov

“İstintaqın gedişatında da dövlətin əsas aiddiyatı strukturlarının hədəfi ondan ibarətdir ki, adı çəkilən şəxsin özü də daxil olmaqla heç kəs qanunsuz və ya zərurət olmadan prossesual məcburiyyət tədbirlərinə məruz qalmasın”, o qeyd edib.

Deputat hesab edir ki, qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək aiddiyatı orqanların vəzifəsidir.

“Adı çəkilən vətəndaş ətrafında cinayət prosesi qanun və məhkəmə qarşısında hüquq bəravbərliyi ətrafında həyata keçirilir. Kiminsə mövqeyi, əqidəsi, siyasi və digər ictimai birliklərə mənsubiyyəti, yaxud sosial media fenomeni olması həmin şəxsi məsuliyyətdən azad edə bilməz. Vətəndaş Səfərov barəsində davam edən cinayət təqibinin də məqsədi onun mütləq qaydada cəzalandırılması məhdudiyyət və məhrumiyyətlərə məruz qalması yox, cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmadığını, cinatət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmadığını müəyyən etməkdir. Bütün tədbirlər də görülüb ki, cinayət törətməkdə təqsirli olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların, vəzifəli şəxslərin, hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq ittiham və yaxud məhkum etmək mümkün olmasın. Belə bir formada vətəndaşın müdafiəsi üçün kampaniya başlanması riakarlıq və saxtakarlıqdır. Hər kəs çox yaxşı başa düşür ki, nə ayrı-ayrı dövlətləri, yaxud insan hüquqları təsisatları deyilən təşkilatları, nə də ki, digər “təlxəklər” yığınını nə Səfərov, nə də əməli süni şəkildə siyasiləşdirilən digərləri maraqlandırmır. Proseslərin çox sadə səbəbi var. Bu gün Azərbaycanın özünün milli maraqlarına və prioritetlərinə cavab verməyən hər hansı prosesə qoşulmaması, vətən müharubəsi və antiterror tədbirlərində qələbəsinin ardınca reallıq yaratması, müstəqil davranması digər güclərin dairələri ilə üst-üstə düşmür. Ona görə də Azərbaycana qarşı informasiya hücumları intensivləşib. Bu prosesə də həmin çərçivədə həyata keçirilən bir fürsət kimi baxılır”, o qeyd edib.

Forum

XS
SM
MD
LG