Accessibility links

Rüfət Səfərov: Azərbaycan hakimiyyəti ilə sanksiyalar dili ilə danışanda nəticələr olur


Rüfət Səfərov-hüquq müdafiəçisi
Rüfət Səfərov-hüquq müdafiəçisi

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində ABŞ Dövlət katibi Antoni Blinkenlə Prezident İlham Əliyevin telefon danışığı zamanı toxunulan insan hüquqları məsələlərindən danışıb.

Amerikanın Səsi: ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanda insan hüquqları məsələsinə toxunub. Sizcə ölkədə insan hüquqları sahəsində hansı islahatlara ehtiyac duyulur?

Rüfət Səfərov: Ümumiyyətlə son dövrlərdə müşahidə edirik ki, kollektiv qərb həm ABŞ, həm də Avropanın ictimai institutları Azərbaycanın daxilindəki insan haqları sahəsində problemlərə adekvat resaksiyalar verməyə başlayıb. Cari ildə AŞPA-da nümayəndə heyətimizin səsi dondurulduqdan sonra ard-arda Avropa parlamentinin məlum qətnaməsi olub, hansı ki, çağırışlar kifayət qədər ciddidir. Birinci dəfədir ki, hətta enerji blokuna sanksiya qoyulması ilə bağlı çağırışlar var. Eyni zamanda Avropa İttifaqı Şurası prezidentinin dövlət başçısı İlham Əliyevə təbrikinin qınanılması müddəası var. Əvvəllər belə bir ritorika yox idi. Bundan savayı sanksiya anonsları gəlib. Hesab edirəm ki, bunun üçün rəsmi Bakının güc strukturlarının yürütdüyü siyasət məsuldur. Yığılmış problemlər, 300-ə yaxınlaşan siyasi məhbus sayı, ölkənin daxilində fundamental təməl haqlara yasaq qoyulması, sərbəst toplaşma, söz, fikir, mətbuat, məlumat, hətta hərəkət azadlığı ilə bağlı problemlər yaşayırıqsa, bu sanksiya, beynəlxalq təcrid siyasəti davam etdiriləcək.

Rüfət Səfərov: Azərbaycan hakimiyyəti ilə sanksiyalar dili ilə danışanda nəticələr olur
please wait

No media source currently available

0:00 0:07:34 0:00

Amerikanın Səsi: Dövlət katibi Azərbaycanın Qubad İbadoğlunu humanist jest olaraq ev dustaqlığına buraxmasını alqışlayıb və onun tezliklə tam azad edilməsinə çağırıb. Sizcə bu mümkündür?

Rüfət Səfərov: Mən hesab edirəm ki, professor Qubad İbadoğlunun həbslə əlaqədar olmayan qəti imkan tədbirinə məruz qalması beynəlxalq təzyiqlərin nəticəsidir. Çünki daxildə 40-dan çox halda məhkəməyə müraciət edilmişdi. Bunun əksəriyyəti ev dustaqlığı ilə bağlı idi. Hesab edirəm ki, sanksiya anonsundan sonra Qubad İbadoğlunun ev dustaqlığına buraxılması artıq zəruri bilindi. Düşünürəm ki, Dövlət katibi Blinken Azərbaycan prezidenti Əliyevi məhz Qubad İbadoğlunun ev dustaqlığına buraxılması məsələsində alqışlayıb. Növbəti dəfə vicdan məhbuslarının azad edilməsinə çağırış edibsə, əslində bu normaldır.

Amerikanın Səsi: ABŞ Dövlət katibi Azərbaycanı insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyə və haqsız həbs edilənləri azad etməyə çağırıb. Azərbaycanın yüksək hökumət rəsmiləri isə bir qayda olaraq ölkədə insanların iradəsinə görə təqib edilmədiyini bildirir. Digər tərəfdən hüquq müdafiə təşkilatları üç yüzə yaxın insanı siyasi məhbus kimi tanıyır. Belə əks mövqelər fonunda “haqsız həbs edilən şəxslərin” azadlığa buraxılacağı nə qədər real görünür?

2023-2024-cü illər siyasi məhbus ili elan olunub. Çünki hər ay, bəlkə də hər həftə siyasi həbslər baş verir

Rüfət Səfərov: Əlbəttə, mənim yadıma gəlmir ki, hakimiyyət orqanlarının təmsilçiləri nə zamansa siyasi yükə malik olan inzibati və ya cinayət təqiblərini etiraf etsinlər. Yəni, siyasi məhbuslarla bağlı rəsmi Bakının mövqeyi aydındır, onlar bunu təkzib edir. Amma, həm ölkənin daxilindəki hüquq-müdafiə təşkilatları, eyni zamanda Avropa və dünyanın digər ölkələrində fəaliyyət göstərən hüquq-müdafiə sahəsində ixtisaslaşan nüfuzlu təşkilatlar Azərbaycanda siyasi məhbusların sayının 300-ə yaxınlaşdığını qeyd edirlər. Belə olan halda hakimiyyətin özünün hüquqi və siyasi iradəsinə qalsa nəinki vicdan məhbusları, siyasi məhbuslar azadlığa buraxılar, əksinə daha da artar. Son iki ildə demək olar ki, 2023-2024-cü illər siyasi məhbus ili elan olunub. Çünki hər ay, bəlkə də hər həftə siyasi həbslər baş verir. Yalnız müəyyən yumşalmalar və ya dayanmalar o zaman baş tutur ki, beynəlxalq pressinqlər (total təzyiq-red) daha da artır. İş gəlib o həddə çatıbdır ki, Rusiya kəşfiyyat xidmətinin kurasiyasında olan Sputnik.az-ın (Rusiyanın Srutnik.Azərbaycan saytı nəzərdə tutulur-red) ortaya qoyduğu hesabatla güc strukturları bu gün ictimai aktivistləri, vətəndaş cəmiyyəti təmsilçilərini təqib edir. Şübhəsiz ki, buna paralel olaraq kollektiv qərbin təzyiqlərinin artacağı məntiqlidir. Yekun etibarı ilə bir şeyi anlamalıyıq. İnsan hüquq və azadlıqlarının pozulması heç bir ölkənin daxili işi deyil. Bir halda ki, universal hüquqlardan söhbət gedirsə, şübhəsiz ki, problem də ümumidir.

Amerikanın Səsi: Azərbaycan hökuməti bir qayda olaraq ölkədə fundamental hüquqların tam təmin edildiyini bəyan edir. Belə bəyanatların qarşılığında rəsmi Bakının insan hüquqları sahəsində beynəlxalq öhdəliklərini qanedici şəkildə yerinə yetirəcəyinə və insan hüquqları sahəsində mütərəqqi islahatlar aparacağına inanırsınızmı?

Rüfət Səfərov: Hələ 2019-cu ildə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı fərman var idi. O dövrdən, bu dövrə beş il keçib. Nəinki bu sahədə islahatlar dərinləşib, əksinə repressiyalar, təqiblər, zorakılıqlar dərinləşib. Mənim inamıma qalsa, dediyimiz kimi, insan hüquq və azadlıqları sahəsində ixtisaslaşan təsisatlar, beynəlxalq mötəbər mərkəzlər rəsmi Bakı ilə məhz bu problem üzrə ciddi danışıqlar içində olmasa, təzyiqlər olmasa Bakı həbsləri daha da artıracaq. Belə görünür ki, yalnız Azərbaycan hakimiyyəti ilə sanksiya çağırışları, qətnamələrin dili ilə, ciddi sənədlərin dili ilə danışıldıqda nəticələr olur. Amma, sanksiya ilə bağlı bir məsələni mütləq qeyd etməliyəm. Konqresdə qəbul olunacaq, ən azı anonsu verilmiş sanksiya siyahısının tərkibinə, strukturuna baxmışam. Bəri başdan söyləyirəm ki, orada başda Hikmət Mirzəyev olmaqla bəzi hərbçilərin sanksiyaya məruz qalması anonsu var. Bunu ədalətsiz sayıram. Doğru saymıram. Hesab edirəm ki, həmim şəxslər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün öz hərbi səriştələrini səfərbər ediblər. Milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq hərəkət ediblər. Həmin şəxslərin sanksiya daxilində məhdudiyyətlərə məruz qalmasını doğru saymıram. Amma, yerdə qalan ayrı-ayrı məmurların, hakimiyyət orqanları təmsilçilərinin bəli, bu gün işgəncələrdə, pis rəftarda, ləyaqəti alçaldan davranışlarda və iri korrupsiya planlarında adlarının keçdiyinə əminəm. Həmin şəxslərin təcridi məntiqlidir.

Qeyd: Bu Rüfət Səfərovun fikirləridir. Rəsmi Bakı ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, fundamental azadlıqların tam təmin edildiyini bəyan edir. Hakimiyyət rəsmiləri insan hüquqları ilə bağlı yerli və beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. İşgəncə, qeyri-insani rəftar, zorakılıqla bağlı deyilənlərə gəlincə, hüquq mühafizə orqanlarının rəhbərləri belə məlumatların özünü müdafiə xarakteri daşıdığını bildirib.

Forum

XS
SM
MD
LG