“Azərbaycan ölkədəki ən ləyaqətli və ədalətli insanları siyasi məhbuslara çevirən diktaturadır. Bu ilki Ümumdünya İqlim Konfransı - COP29 ərəfəsində vəziyyət kəskin şəkildə gərginləşir. Ən son misal Anar Məmmədlidir”.
Bu sözləri Azərbaycanda tanınmış insan hüquqları müdafiəçisi Anar Məmmədlinin həbsinə reaksiya olaraq Almaniya Bundestaqının deputatı Frank Şvabe deyib.
Avropa Şurası Parlament Assambleyası (AŞPA) üzvü olan almaniyalı deputat qeyd edib ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin təsisçisi Anar Məmmədli Avropa Şurasının Vatslav Havel insan hüquqları mükafatının azsayslı qaliblərindən biridir və 2013-2016-cı illərdə siyasi məhbus olub.
“Hazırkı yenilənmiş həbs vəziyyətin daha da gərginləşməsi, Avropa Şurasına açıq müharibə elanı, əməkdaşlıq iradəsinin əksidir. Anar Məmmədli və Azərbaycanda olan digər 300-ə yaxın siyasi məhbus dərhal azad edilməlidir”, Şvabe X sosial şəbəkəsində yazıb.
Aprelin 29-da uşağını bağçadan götürməyə gedərkən mülki geyimli polislər tərəfindən saxlanılan Anar Məmmədli barəsində məhkəmə aprelin 30-da “qaçaqmalçılıq” ittihamı ilə 3 ay 28 gün həbs qətimkan tədbiri seçib.
Vəkili Elmar Süleymanov bildirib ki, Anar Məmmədli məhkəmədə ittihamı qondarma adlandırıb.
“Biz ittiham tərəfinin tezislərini bir-bir təhlil etdik. Belə bəlli oldu ki, ittiham tərəfinin tezislərini sübut edəcək nəinki mötəbər, ümumiyyətlə sübut yoxdur”, vəkil bildirib və əlavə edib ki, iclasın audio və video yazısı aparılmayıb.
Anar Məmmədlinin həbsi Azərbaycana insan hüquqlarının vəziyyətinə dair beynəlxalq çağırışların artdığı dönəmə təsadüf edir.
AŞPA-nın yanvar ayında baş tutan qış sessiyasında Azərbaycanın nümayəndə heyətinin səlahiyyətləri ratifikasiya edilmədiyi üçün onların Assambleyadakı iştirakı dondurulub. AŞPA-nın 26 ölkədən olan 76 deputatı Azərbaycanın Assambleyadan kənarlaşdırılmasına çağıran qətnamənin lehinə səs verib.
AŞPA bunu Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, Azərbaycanın öhdəliklərinə məhəl qoymaması və qurumla əməkdaşlıq etməməsi ilə əlaqələndirib.
“Son illərdə qəbul edilən ən az 14 qətnamədə Azərbaycanın adı Assambleyanın bütün əsas dəyərlərini - demokratiya, insan hüquqları və qanunun aliliyini pozan ölkə kimi çəkilir”, qətnamə layihəsinin müəllifi danimarkalı deputat Mogens Yensen yanvar ayında müzakirələr zamanı deyib.
Azərbaycanlı deputatların səlahiyyətlərinin qəbul edilməməsi üçün ilkin təşəbbüsü irəli sürən Frank Şvabe ötən gün qeyd edib ki, “Azərbaycanın Parlament Assambleyasına geri yolu yoxdur. Nə indi, nə də yanvarda”.
Assambleya üzvləri Azərbaycanın geriyə qayıda bilməsi üçün təqibləri dayandırmağa, siyasi məhbusları azad etməyə çağırsa da, mart ayında Azərbaycan hakimiyyəti Toplum TV müstəqil media orqanına qarşı cinayət təqibi başladıb, daha 6 jurnalist və vətəndaş cəmiyyəti fəalını həbs edib. İnsan hüquqları təşkilatları tərəfindən siyasi motivli olaraq qiymətləndirilən həbslər aprelin 18-də jurnalist İmran Əliyevin və aprelin 29-da Anar Məmmədlinin həbsi ilə davam edib.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bildirib ki, Azərbaycanda media azadlığı təmin edilir və jurnalistlərin həbsi qanunvericiliyə uyğun şəkildə həyata keçirilib.
“Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb”, İlham Əliyev qeyd edib.
Avropa Şurasının Parlament Assambleyası və digər orqanlarının qətnamə və rəylərində, o cümlədən beynəlxalq təşkilatların hesabatlarında isə vurğulanır ki, Azərbaycan hakimiyyəti son illərdə qanunvericiliyə etdiyi məhdudlaşdırıcı dəyişiklərlə media və vətəndaş cəmiyyətinin müstəqil və tənqidi fəaliyyətlə məşğul olmasının, hökumətə nəzarət funksiyasını yerinə yetirməsinin qarşısını alıb.
“Daha dərin problem ondan ibarətdir ki, hökumət [...] onları qanun çərçivəsində sıxışdırıb və onların müstəqil şəkildə insan hüquqlarının müdafiəsi və ya monitorinq fəaliyyəti ilə məşğul olmasını qanunvericiliklə qeyri-mümkün edib. Bu strategiyaya əsasən, hökumət maliyyə vəsaiti almaq üçün, xaricdən maliyyələşmək üçün qeydiyyatdan keçməyi praktiki olaraq qeyri-mümkün edəcək qədər çətinləşdirir və beləliklə də insanlara seçim verir: ya bu işi heç görmürsən, ya da özünü riskə atırsan”, Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Reyçel Denber Amerikanın Səsinə müsahibədə deyib.
Anar Məmmədli bundan əvvəl 2013-cü ildə həbs edilib, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda günahlandırılaraq 5 il 6 ay müddətinə məhkum edilib. 2016-cı ildə əfv sərəncamı ilə azadlığa çıxıb.
Avropa İnsan Hüquqları Məhkəməsi Anar Məmmədlinin və 2013-14-cü illərdə həbs edilən digər tanınmış vətəndaş cəmiyyəti nümayəndələri, jurnalist və fəalların işləri ilə bağlı (Məmmədli qrupu işləri) qərarlarında hökumətin öz tənqidçilərini susdurmaq üçün cinayət qanunvericiliyindən sui-istifadə etdiyini vurğulayıb.
Avropa Şurası Nazirlər Komitəsinin nəzarətində olan “Məmmədli qrupu” işləri Azərbaycan hökuməti tərəfindən icra edilməmiş olaraq qalır.
Forum