Accessibility links

İcra Hakimiyyəti yenidən Milli Şuranın mitinq keçirməsini "məqsədəuyğun" saymayıb


AXCP aksiya (11 noyabr, 2022)
AXCP aksiya (11 noyabr, 2022)

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 5-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib. BŞİH mitinqin keçirilməsini "məqsədəuyğun" saymayıb.

İcra hakimiyyətinin müraciətə cavab məktubunda qeyd olunub ki, Milli Şuranın mitinq üçün göstərdiyi Yasamal İdman-Sağlamlıq Kompleksinin stadionunda təmir işləri aparılır:

"Eyni zamanda, metronun 28 May və Nəriman Nərimanov stansiyalarının qarşısındakı ərazilər əhalinin daha sıx hərəkət etdiyi metro çıxışları olduğu, nəqliyyatın intensiv hərəkət etdiyi hissələrdə yerləşdiyindən həmin məkanlarda toplantıların keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb olacaq".

BŞİH cavab məktubunda "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun 7-ci maddəsinə əsaslandığını bildirib.

"BŞİH göstərilənləri, həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 7-ci maddəsini nəzərə alaraq 5 may 2024-cü il tarixində planlaşdırılan mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib", deyə cavabda qeyd olunur.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyəti üzvü Aqil Məhərrəmli Amerikanın Səsinə bildirib ki, partiya cavab məktubu ilə bağlı qısa zamanda toplantı keçirib müzakirə aparacaq və ictimaiyyətə bununla bağlı məlumat veriləcək.

Demokratik Qüvvələrin Milli Şurası mayın 5-də mitinq təyin edib. Bundan öncə Milli Şura aprelin 21-ə mitinq təyin edib, lakin BŞİH həmin mitinqin keçirilməsi ilə bağlı müraciətə də müsbət cavab verməyib, buna görə də Şura yeni tarix təyin etmişdi.

Mitinqin əsas tələbləri siyasi məhbuslara azadlıq, seçki islahatları (təbliğat mitinqlərinin keçirilməsinə maneə törədilməməsi, seçki komissiyalarında real müxalifətin təmsilçiliyinin təmin olunması), əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması (uşaq pulunun verilməsi, müavinət, pensiya və maaşların artırılması), quru sərhədlərin açılması olacaq.

Azərbaycanda sonuncu kütləvi mitinq Milli Şuranın təşkilatçılığı ilə 2019-cu ilin yanvarında baş tutub. Mitinqdə Müsavat və Respublikaçı Alternativ partiyaları da iştirak ediblər. Daha sonra hökumət həmin ilin sonunda yalnız 1 piketə razılıq verib.

Müxalifətin mitinq keçirməklə bağlı çoxsaylı müraciətlərinə ya rədd cavabı gəlib, ya da aksiyanı Bakının mərkəzi yerlərindən kənarda keçirmək təklif olunub.

Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın məlumatına görə, ölkədə 288 siyasi məhbus var.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır.

Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG