Accessibility links

Vəkil: Anar Məmmədli başına qara torba geyindirilməsi barədə xəbərləri təkzib edib


Anar Məmmədli-hüquq müdafiəçisi
Anar Məmmədli-hüquq müdafiəçisi

“Anar Məmmədlinin səhhəti normaldır, şikayəti yoxdur. O hazırda karantində saxlanılır. Anar bildirdi ki, orada bir az antisanitariya var”.

Bu barədə mayın 1-də 1 saylı Bakı İstintaq Təcridxanasında Anar Məmmədli ilə görüşündən sonra vəkil Elmar Süleymanov Amerikanın Səsinə deyib.

Vəkil Amerikanın Səsinin Anar Məmmədliyə onun məhkəməyə gətirilərkən başına qara torba geyindirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərin reallığı əks etdirib-etdirməməsi ilə bağlı sorğusunu çatdırıb.

“Anar Məmmədli bildirdi ki, bu məlumatlar həqiqətə uyğun deyil”, vəkil qeyd edib.

Vəkil Anar Məmmədli barədə Xətai Rayon Məhkəməsinin həbs qətimkan tədbiri qərarından mayın 2-də apellyasiya şikayəti verəcəyini bildirib.

Aprelin 30-da Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) ilə ittiham irəli sürülüb.

Məmmədli aprelin 29-da “Abzas Media” nəşrinin əməkdaşlarına qarşı qaldırlan cinayət işi üzrə saxlanılıb. Onun evində və parallel olaraq atasının evində axtarış aparılıb.

Hazırda Amar Məmmədli də daxil olmaqla, “Abzas Media” işi üzrə 8 nəfər saxlanılıb

Anar Məmmədlinin saxlanılması ABŞ Dövlət katibi Antoni Blinkenin aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanı insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyə və Azərbaycanda haqsız yerə həbs edilənləri azad etməyə çağırışından bir gün sonraya təsadüf edir.

Çoxsaylı beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər haqsız yerə həbs edilən şəxslərin dərhal azad etməyə çağırıb.

Anar Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda suçlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.

Anar Məmmədli 2014- cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Vatslav Havel mükafatına layiq görülüb.

Forum

XS
SM
MD
LG