Aprelin 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun məhkəməsi davam edib.
Bugünkü iclasda Afiəddin Məmmədov ifadə verib. O, həbsinin həmkarlar ittifaqı çərçivəsində fəaliyyəti ilə əlaqələndirib.
Afiəddin Məmmədov ifadəsində bildirib ki, 20 sentyabr 2023-cü il tarixində o, toya getmək üçün evdən çıxıb. Ona bir kişi və bir qadın yaxınlaşıb. Əlində bıçaq olan kişi onu yaxasından tutub. O, bıçağı vurub salmağa çalışıb, lakin əlini kəsib. Naməlum şəxs onun üzünə vurub, Məmmədovun burnu qanayıb və o, yıxılaraq belindən xəsarət alıb.
Məmmədova hücum edən kişi özünə bədən xəsarətləri yetirməyə çalışıb və iki dəqiqə sonra "təcili tibbi yardım" və polis gəlib.
Bu zaman həkimlər Məmmədova tibbi yardım göstərməyib. Onu 34-cü polis bölməsinə aparıblar. Burada ondan başqa şəxsə hücum etdiyini "etiraf etməyi" tələb ediblər. Bundan sonra onun əlinə qandal taxıblar, əllərinə stəkan və bıçaq veriblər, daha sonra bu əşyalardan barmaq izi götürüblər. Yalnız bundan sonra vəkili onun yanına buraxılıb.
Afiəddin Məmmədov qeyd edib ki, 1 avqust 2023-cü il tarixində yemək çatdırılması sahəsində xidmət göstərən kuryerlərin Bakı Şəhər Baş Polis İdarəsinin binası qarşısında etiraz aksiyasından sonra üç həmkarlar ittifaqı fəalı həbs olunub.
Belə ki, avqustun 4-də Elvin Mustafayev, 11-də Ayxan İsrafilov həbs olunub.
Afiəddin Məmmədov özü də avqustda inzibat qaydada həbs edilib.
Məhkəmə prosesi mayın 13-də davam edəcək.
İşçi Masasının sədri Afiəddin Məmmədov ötən il sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq- silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham olunurdusa, indi Məmməddov Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, ocümlədən, soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur.
İttihamlar sübut olunsa, Məmmədovu 6 ildən 11 ilədək həbs gözləyir.
Forum