Avropa Parlamentinin İnsan hüquqları üzrə Alt Komitəsinin sədri Munir Saturi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova məktub ünvanlayaraq professor Qubad İbadoğlunun Saxarov mükafatının Strasburqda keçiriləcək təqdimetmə mərasimində iştirakına icazə verilməsinə çağırıb.
“Doktor İbadoğlunun işi üzrə istintaq dayandırılsa da, onun hərəkət azadlığına qoyulan məhdudiyyətlər qüvvədə qalır və bu, onun xaricə getməsinə imkan vermir. Avropa Parlamenti əhəmiyyətli dərəcədə beynəlxalq diqqət mərkəzində olan və şübhəsiz olmağa davam edəcək bu işi yaxından izləyib”, Amerikanın Səsinin nəzərdən keçirdiyi məktubda qeyd edilir.
Məktubun surətləri həmçinin daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Kamran Əliyevə və Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidova göndərilib.
Komitə sədri Munir Saturi azərbaycanlı rəsmilərə müraciətlə yazır ki, İbadoğlunun mərasimdə iştirakına icazə verilməsi Azərbaycan hakimiyyətinin müsbət jesti ola bilər.
“Bu da ölkənizdə insan haqlarının vəziyyəti ilə bağlı beynəlxalq ictimaiyyətə mühüm siqnal olacaq”, fransalı deputat əlavə edib.
Qubad İbadoğlu 2023-cü ilin iyulunda “saxta pul və dini ekstremist materiallar hazırlamaqda və satmaqda” ittiham edilərək həbs edilib. Təcridxanada səhhətinin pisləşməsindən sonra bu ilin aprel ayında ev dustaqlığına buraxılıb. Yaxınları onun ağır ürək xəstəliyindən əziyyət çəkdiyini və müalicə üçün xaricə səfərinə imkan verilmədiyini bildirir.
Hazırda cinayət işi çərvçivəsində tətbiq edilən səyahət qadağası altında olan Qubad İbadoğlu Avropa Parlamentinin builki Saxarov Düşüncə Azadlığı mükafatının üç finalçısından biri olub.
Avropa Parlamentinin prezidenti Roberta Metsola Qubad İbadoğluya dekabrın 17-də baş tutacaq mərasimdə iştirakı üçün rəsmi dəvət məktubu göndərib. BMT-nin İqlim Dəyişmələri Konfransı (COP29) üçün Bakıda olan Avropa Parlamentinin nümayəndə heyəti dəvət məktubunu İbadoğluya şəxsən çatdırıb.
Metsola Avropaya gəlişi zamanı onun tibbi müayinə və müalicəsini də planlaşdırdıqlarını vurğulayıb.
Azərbaycan hakimiyyəti hələlik bu müraciətə ictimai reaksiya verməyib. Rəsmi Bakı adətən bu cür çağırışların məhkəmə sisteminə müdaxilə olduğunu vurğulayır və hökumət tənqidçilərinə qarşı cinayət işlərinin siyasi motivli olmasına dair tənqidləri “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edir.
Forum