Dünyanın 28 ölkəsini təmsil edən 100 Universitetdə və Elmi-Təqdiqat Mərkəzlərində çalışan 157 akademik, professor və tədqiqatçı Ədalət naminə Maqnitski Fondunun təşkilatçılığı ilə COP29-un prezidenti Muxtar Babayevə məktub ünvanlayaraq, onu professor Qubad İbadoğlunun azad edilməsini dəstəkləməyə çağırıb.
Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi etdiyi bir vaxtda göndərilən məktubda doktor İbadoğlunun kritik səhhətinə və onun korrupsiya ilə mübarizəyə və qalıq yanacaq sənayesində şəffaflığın təşviqinə verdiyi töhfələrə istinad edərək, təcili tədbirlər görülməsinə çağırılır.
Alimlər doktor İbadoğlunun iqlim konfransının məqsədlərinə sadiqliyini vurğulayaraq, Azərbaycanı akademik azadlıq və insan hüquqlarına sadiqliyini nümayiş etdirməyə çağırıb. Alimlər fəalın səhhətinin pisləşməsi, o cümlədən şəkərli diabet, ciddi ürək və böyrək problemləri, həbsdə olduğu müddətdə qeyri-adekvat tibbi xidmət göstərilməsindən narahat olduqlarını bildiriblər.
Müraciəti imzalayanlar doktor İbadoğluna qarşı ittihamların şəffaf şəkildə nəzərdən keçirilməsini, tibbi xidmətə çıxışın yaxşılaşdırılmasını və onun qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.
Sənəddə vurğulanır ki, Azərbaycanın məsələyə yanaşması onun iqlim liderliyinə olan istəklərinə ziddir və COP29 zamanı onun beynəlxalq statusunu sarsıda bilər.
Məktubu imzalayanlar arasında Harvard, Yale, Oxford, Kembric, Kolumbiya, George Washington, London İqtisad Məktəbi (LSE), UCL, SOAS, Exeter, Duke, Şimali Karolina, Rutgers, Brown, Leeds, Leiden, George Mason, Cənubi Kaliforniya Universitetlərinin, King, Trinity, Amherst, Williams, Wellesley, New, Hunter, Wheaton kolleclərinin professorları da var.
Azərbaycan hökuməti hələlik müraciətə reaksiya verməyib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi konfransı (COP29) üçün Bakıda səfərdə olan Norveçin beynəlxalq inkişaf naziri Anne Beate Tvinneraym noyabrın 17-də Qubad İbadoğlunu yaşadığı evdə ziyarət edib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.
Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı cinayət işinin istintaqı qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Qubad İbadoğlunun xaricdə müayinə və müalicə olunması üçün ölkədən buraxılması icazə verilməsi tələbi ilə çoxsaylı beynəlxalq təşkilatlar, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının deputatları, ABŞ Dövlət Departamenti, həmçinin çoxsaylı ABŞ senatorları və konqresmenləri Azərbaycan hökumətinə müraciət edib.
Amma hökumət hələ də iqtisad elmləri doktoru Qubad İbadoğlunu ölkədən xaricə buraxmaqda qərarlı deyil. Rəsmi Bakı cinayət işinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.
Forum