Avropa İttifaqı (Aİ) Azərbaycan hakimiyyətini əsassız yerə həbs edilənləri azad və beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyə çağırıb.
Noyabr ayında Bakıda keçiriləcək BMT İqlim Dəyişikliyi konfransı (COP29) ərəfəsində Azərbaycanda insan hüquqlarının vəziyyəti, son bir il ərzində jurnalistlərin və fəalların həbsləri Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasının gündəliyində olub.
Oktyabrın 22-də baş baş tutan müzakirələrdə Azərbaycan hakimiyyəti insan hüquqları pozuntularına görə tənqid edilib.
Rəsmi Brüssel adından çıxış edən Aİ Komissarı Nikolas Şmit COP29-un dünya liderlərini və iqlim fəallarını bir araya gətirməklə yanaşı, beynəlxalq ictimaiyyətin diqqətini ev sahibi ölkəyə yönəldəcəyini deyib.
Onun sözlərinə görə, COP29 Azərbaycanın insan hüquqları öhdəliklərinə sadiqliyini nümayiş etdirməsi üçün fürsətdir.
“Bu, son bir ildə vətəndaş cəmiyyəti üçün məkanın daralması, müstəqil mediaya və müxalif səslərə qarşı repressiyaların güclənməsinə və özbaşına həbslərin sayının artmasına səbəb olan narahatedici tendensiyanı geri çevirmək üçün bir fürsətdir”, Şmit deyib.
O, çıxışında Azərbaycanda jurnalistlərə və fəallara qarşı cinayət təqiblərinin, o cümlədən Qubad İbadoğlu, İlhamiz Quliyev, Bəxtiyar Hacıyev, Ələsgər Məmmədli, Anar Məmmədli və Bəhruz Səmədova qarşı işlərin xüsusi narahatlıq doğurduğunu bildirib.
“Bizim mövqeyimiz aydındır, Azərbaycan hökuməti öz fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs edilən bütün şəxsləri, o cümlədən jurnalistlər, hüquq müdafiəçiləri və siyasi fəalları azad etməlidir. İşgəncə və pis rəftar beynəlxalq hüquqla qəti şəkildə qadağan edilib və bu hallara dair istənilən məlumat dərhal və qərəzsiz şəkildə araşdırılmalıdır”, Kommisar vurğulayıb.
Azərbaycan hakimiyyətini Qubad İbadoğluna qarşı səyahət qadağasınıı aradan qaldırmağa çağıran Aİ kommisarı rəsmi Bakının Avropa Şurası Parlament Assambleyası (AŞPA) üzvlərinə qoyulmuş səfər qadağasına da yenidən baxacağına ümid etdiyini bildirib.
Rəsmi Bakı isə Nikolas Şmitin səsləndirdiyi bəyanatını “qəbuledilməz, əsassız və tamamilə qərəzli” adlandıraraq rədd etdiyini deyib.
“Komissarın Avropa Xarici Fəaliyyət Xidməti (AXFX) tərəfindən hazırlanan bu bəyanatı reallıqdan tamamilə uzaqdır və Azərbaycanın daxili işlərinə növbəti uğursuz müdaxilə cəhdidir”, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Hacızadə həbs edilən jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olmasını da təkzib edib.
“Bəzi Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görə cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud özlərini jurnalist və ya insan haqları müdafiəçisi kimi təqdim edən şəxslərlə bağlı cinayət işlərinin siyasi motivli olması iddiası kökündən yanlışdır”, Hacızadə deyib.
Beynəlxalq insan hüquqları təşkilatları isə Azərbaycanda insan hüquqları göstəricilərinin uzun illərdir pis olduğunu, hökumətin müntəzəm olaraq cəmiyyətdə mühüm ictimai nəzarət rolunu oynayanları, o cümlədən hüquq müdafiəçilərini, jurnalistləri və müstəqil vətəndaş cəmiyyəti fəallarını hədəf aldığını vurğulayır.
Human Rights Watch (HRW) və Freedom Now yaydıqları son hesabatda Azərbaycanda COP29 ərəfəsində repressiyaların daha da kəskinləşdiyi qeyd edilir.
Forum