Avropa Parlamentinin Sosial Demokratlar və Yaşıllar qrupları, Bakıda keçiriləcək COP29 iqlim sammiti ərəfəsində Azərbaycanda Qubad İbadoğlunun və bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasına çağırıb.
Bu barədə Parlamentin sosial demokratlar qrupunun “X” sosial şəbəkəsində deyilir.
“Biz Azərbaycan hakimiyyətini Qubad İbadoğlunu və digər bütün siyasi məhbusları dərhal azad etməyə çağırırıq. Avropa İttifaqının Azərbaycanla iqtisadi müqaviləsi insan hüquqlarına hörmət və Ermənistanla sülh prosesi şərti ilə olmalıdır. Bu iki məsələ həll olunanadək biz Aİ-Azərbaycan qaz sazişini dayandırmağa çağırırıq”, məlumatda deyilir.
Avropa Parlamentinin Yaşıllar qrupu da Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edən media açıqlaması yayıb.
Məlumatda deyilir ki, Qubad İbadoğlu Azərbaycanın dövlət neft və qaz sənayesinin əsas tənqidçisi və tanınmış iqtisadçıdır, hazırda ev həbsində saxlanılır. Qrup onu fikir azadlığı üzrə Saxarov Mükafatına namizəd göstərib.
Avropa Parlamentinin Yaşıllar/EFA Xarici Əlaqələr Komitəsinin üzvü və Azərbaycan qətnaməsi üzrə kölgə məruzəçisi Sergey Lagodinski Azərbaycan hökumətini tənqid edərək, yanacaq gəlirlərindən asılılıqda və müxalifətə qarşı təzyiqlərdə ittiham edib.
“Azərbaycanda müxalifət fəalları, jurnalistlər və insan haqları müdafiəçiləri üçün vəziyyət fəlakətlidir”, o bildirib və BMT iqlim konfransı öncəsi vətəndaş cəmiyyətinə qarşı təzyiqlərə diqqət çəkib.
Yaşıllar qrupunun digər üzvü, Avropa Parlamentinin deputatı Marketa Qreqorova da bu çağırışları təkrarlayaraq, COP29-da iştirak edəcək Aİ nümayəndə heyətini Azərbaycanda insan haqlarının vəziyyətini qınamağa çağırıb.
“Biz Bakıda keçiriləcək COP29 konfransı öncəsi Azərbaycan müxalifətinin mübarizəsini tanımalı və dəstəkləməliyik”, o əlavə edib.
Qətnamə üzrə səsvermə 24 oktyabrda keçiriləcək. 2024-cü il Saxarov Mükafatının verilməsi ilə bağlı qərar həmin gün plenar iclasda elan olunacaq.
Avropa Parlamenti oktyabrın 24-də həmçinin Saxarov Düşüncə azadlığı mükafatının qalibini elan edəcək. Azərbaycanlı iqtisad elmləri doktoru, hökumət tənqidçisi Qubad İbadoğlu mükafata namizədlər arasında üç finalçıdan biridir.
Parlamentin məlumatında qeyd edilir ki, doktor Qubad İbadoğlu azərbaycanlı akademik və antikorrupsiya fəalıdır. O, 2023-cü ildə ölkənin neft və qaz sənayesini tənqid etdikdən və oğurlanmış dövlət resurslarını qaytarmaq üçün xeyriyyə təşkilatı yaratdıqdan sonra həbs edilib. Hazırda ev dustaqlığında olan İbadoğlunu 17 ilə qədər həbs gözləyir.
“Onun həbsi noyabrda Bakıda keçiriləcək COP29 forumu ərəfəsində alimlərə və vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyaların başlanğıcı idi. Parlament 2024-cü ilin aprelində qəbul etdiyi qətnaməsində ona qarşı ittihamların ləğv edilməsini və səyahət qadağasının aradan qaldırılmasını tələb edib”, məlumatda vurğulanır.
Qubad İbadoğlu ötən il iyulun 23-də saxlanılılıb, saxta pul və dini ekstremist materiallar hazırlamaqda və satmaqda ittiham edilərək həbs edilib. İbadoğlu ittihamları rədd edib və həbsinin siyasi sifariş olduğunu qeyd edib.
Həbsdə olarkən səhhəti pisləşən Qubad İbadoğlunun azad edilməsinə dair çoxsaylı çağırışlar edilib. Bu il aprelin 22-də onun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Avropa Parlamenti 2023-cü ilin sentyarbrında və bu ilin aprelində İbadoğluna qarşı ittihamların və səyahət qadağasının ləğv edilməsinə, insan hüquqlarını pozan azərbaycanlı rəsmilərə qarşı hədəfli sanksiyalara çağıran iki qətnamə qəbul edib.
Parlament İbadoğlu ilə yanaşı digər siyasi məhbusların da azad edilməsinə və siyasi təqiblərə son qoyulmasına çağırıb.
Azərbaycan rəsmiləri isə bu cür çağırışları qərəzli hesab edir, vətəndaşların bütün hüquq və azadlıqlarının qorunduğunu iddia edirlər.
Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.
Forum