Accessibility links

Qubad İbadoğlu: Son analizlər ürəyimdə problemlərin daha da ciddiləşdiyini göstərir


Qubad İbadoğlu
Qubad İbadoğlu

Ötən həftənin sonu iqtisad elmləri doktoru Qubad İbadoğlu anidən sinə və kürək nahiyəsində ağrıların artması və səhhətindəki digər problemlər səbəbindən kardioloqa müraciət edib.

Bu barədə onun qardaşı Qalib Toğrul Amerikanın Səsinə deyib.

“Qardaşım aortanın anevrizması xəstəliyindən əziyyət çəkir, təcili cərrahi müdaxilə tələb olunsa da, ölkədən çıxışına qadağa qoyulduğundan hazırda əməliyyat etdirməsi mümkün deyil”, İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

Qubad İbadoğlunun özü isə oktyabrın 22-də Amerikanın Səsinə deyib ki, son exokardioqramma və qan analizləri səhhətində mövcud problemlərin kəskinləşdiyini və yeni problemlərin yarandığını göstərib.

“Exokardiqoramma son 6 ayda ürəyimdə aorta damarının diametrinin daha 2 millimetr artdığını göstərdi, bu müayinə həmçinin ürəkdə qapaqlarının zədələnməsi dərəcəsinin pisləşdiyini də təsdiq etdi. 6 ayda aorta damarında 2 millimetr genişlənmə tibbdə sürətli artım hesab olunur və cərrahi müayinə və müdaxilə ehtiyacını çoxaldır. Qan analizlərində qan azlığı əlamətləri ilə müşahidə edilib, qanda hemoqlobin səviyyəsinin normadan aşağı olmasını aşkara çıxarıb, qanın oksigeni daşıma qabiliyyətini xarakterizə edən göstəricilər pisləşib”, o qeyd edib.

İbadoğlu deyib ki, ağırlıaşmanın nəticəsi olaraq halsızlıq, yorğunluq, əzginlik, bəzən başgicəllənməyə məruz qalır.

“Həkimlər bütün bunları da ürəkdəki mövcud problemə qarşı qəbul etdiyim dərmanların yanaşı effektləri ilə əlaqələndirirlər. Odur ki, yeni müalicə kursuna başlamışam. Amma həkimlərin rəyinə görə bu müalicə xəstəliyin səbəbinə deyil, onun nəticələrinin tənzimlənməsinə yönəlib. Xəstəliyin səbəbi cərrahiyə ehtimalı artan ürəkdə aorta damarının genişlənməsidir. Bundan əlavə son zamanlar kürək ağrıları, bel nahiyəsində protuziya, yırtıq və sinir qıcıqlanmasından qaynaqlanan kəskin ağrılar normal hərəkətimi çətinləşdirib”, o qeyd edib.

Qubad İbadoğlu bildirib ki, xaricdə cərrahi əməliyyat olunması üçün ölkədən buraxılmır.

“Xaricdə müayinə, müalicə və əməliyyat üçün tibbi məqsədlərlə ölkədən qısa müddətli çıxış üçün vəkillərim iki dəfə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə vəsatəti qəbul etməyib. Nərimanov Rayon Məhkəməsinin hər iki imtina qərarından apellyasiya şikayəti verilsə də təmin olunmayıb”, o qeyd edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.

Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı cinayət işinin istintaqı qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Qubad İbadoğlunun xaricdə müayinə və müalicə olunması üçün ölkədən buraxılması icazə verilməsi tələbi ilə çoxsaylı beynəlxalq təşkilatlar, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının deputatları, ABŞ Dövlət Departamenti, həmçinin çoxsaylı ABŞ senatorları və konqresmenləri Azərbaycan hökumətinə müraciət edib. Amma hökumət hələ də iqtisad elmləri doktoru Qubad İbadoğlunu ölkədən xaricə buraxmaqda qərarlı deyil.

Forum

XS
SM
MD
LG