Accessibility links

Məhkəmə Qubad İbadoğlunun ölkədən çıxışına qoyulan qadağanı qüvvədə saxlayıb


Məhkəmə Qubad İbadoğlunun ölkədən çıxışına qoyulan qadağanı qüvvədə saxlayıb
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Dekabrın 3-də Bakının Nərimanov Rayon Məhkəməsi iqtisad elmləri doktoru, anti-korrupsiya eksperti Qubad İbadoğlunun ölkədən çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı müraciəti təmin etməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Zibeydə Sadıqova bildirib.

Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

"Artıq üçüncü dəfədir müdafiə tərəfinin Qubad İbadoğlunun ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi ilə bağlı müraciətini məhkəmə təmin etmir. İki dəfə müraciətimiz Qubad İbadoğlunun səhhətində yaranmış problemlə bağlı müalicə olunması səbəbi ilə ölkədən çıxışına icazə verilməsi idi. Bu dəfə isə müraciətimiz Avropa Parlamentinin prezidentinin İbadoğlunun 14-19 dekabr tarixlərində Saxarov mükafatının təqdimatında iştirak üçün Strasburqda dəvət etməsi ilə bağlı idi. Avropa Parlamentinin prezidentinin dəvəti hökumətin yüksək dairələrinə də göndərilib. Lakin hər dəfə məhkəmə hər hansı səbəb göstərmədən müraciətimizi təmin etmir", vəkil Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, hazırda İbadoğluna qarşı hüquqi münasibətdə qeyri-müəyyənlik yaranıb. Onunla bağlı istintaq dayandırılıb.

"Buna baxmayaraq İbadoğlu səhhətində yaranmış ciddi problemlə bağlıı ölkədən xaricə buraxılmır. Onun dünyanın birinci onluğuna daxil olan unuversitetlər işə dəvət edir, yenə ölkədən buraxılmır. Ölkədə isə ürəyində yaranmış problemlə bağlı müalicə yoxdur. Dünyada tanınmış alim olmasına baxmayaraq işlə təmin edilmir. Cinayət işinin istintaqı dayandırılsa da polisin nəzarətindədir, hər dəfə yaşayış yerini tərk etməməsi ilə ilə bağlı polisə məlumat verir", Zibeydə Sadıqova qeyd edib.

Avropa Parlamentinin Prezidenti Roberta Metsola professor Qubad İbadoğlunu bu il 14-19 dekabr tarixlərində Strasburqa, Saxarov mükafatının təqdimetmə mərasiminə dəvət edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.

Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı cinayət işinin istintaqı qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Qubad İbadoğlunun xaricdə müayinə və müalicə olunması üçün ölkədən buraxılmasına icazə verilməsi tələbi ilə çoxsaylı beynəlxalq təşkilatlar, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının deputatları, ABŞ Dövlət Departamenti, həmçinin çoxsaylı ABŞ senatorları və konqresmenləri Azərbaycan hökumətinə müraciət edib.

Rəsmi Bakı cinayət işinin siyasi motivli olduğuna dair fikirlərin "kökündən yanlış və qəbuledilməz" olduğunu qeyd edib.

Forum

XS
SM
MD
LG