Accessibility links

Məhkəmə Qubad İbadoğlunun ölkədən çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı məsələyə baxacaq


Qubad İbadoğlu
Qubad İbadoğlu

Dekabrın 3-də Bakının Nərimanov Rayon Məhkəməsində iqtisad elmləri doktoru, anti-korrupsiya eksperti Qubad İbadoğlunun ölkədən çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı şikayətə baxılacaq.

Bu barədə Amerikanın Səsinə onun qardaşı Qalib Toğrul bildirib.

“Qeyd edim ki, Avropa Parlamentinin Prezidenti Roberta Metsola professor Qubad İbadoğlunu bu il, 14-19 dekabr tarixlərində Strasburqa, Saxarov mükafatının təqdimetmə mərasiminə dəvət edib”, o bildirib.

Qalib Toğrul deyib ki, dəvət məktubunun surəti məhkəməyə təqdim olunub.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.

Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı cinayət işinin istintaqı qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Qubad İbadoğlunun xaricdə müayinə və müalicə olunması üçün ölkədən buraxılmasına icazə verilməsi tələbi ilə çoxsaylı beynəlxalq təşkilatlar, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının deputatları, ABŞ Dövlət Departamenti, həmçinin çoxsaylı ABŞ senatorları və konqresmenləri Azərbaycan hökumətinə müraciət edib.

Amma hökumət hələ də iqtisad elmləri doktoru Qubad İbadoğlunu ölkədən xaricə buraxmaqda qərarlı deyil. Rəsmi Bakı cinayət işinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.

Forum

XS
SM
MD
LG