Avropa Parlamentinin prezidenti Roberta Metsola professor Qubad İbadoğluya məktub ünvanlayaraq onu Saxarov mükafatının təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət edib.
Dəvət məktubunu BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) zamanı Bakıda olan Avropa Parlamentinin deputatı Mixael Bloss şəxsən çatdırıb.
Akademik Qubad İbadoğlu Avropa Parlamentinin builki Saxarov Düşüncə Azadlığı mükafatının üç finalçısından biri olub. Oktyabrın 24-də mükafatın qalibi Venesuella müxalifətinin liderləri Maria Korina Maçado və Edmundo Qonsales Urrutiya elan edilib. Avropa Parlamenti azərbaycanlı anti-korrupsiya ekspertinə qarşı cinayət təqibinə son verilməsinə və ona qarşı səyahət qadağasının aradan qaldırılmasına çağırıb.
“Mən sizi ürəkdən bu mükafatın dekabrın 18-də Strasburq şəhərində Avropa Parlamentinin plenar islcasında təqdimat məraminə dəvət edirəm. Bizim əməkdaşlarımız sizin dekabrın 16-19 tarixlərində Avropa Parlamentinə səfərinizlə əlaqədar proqram tərtib edəcək və sizin iştirakınızla əlaqədar bütün xərclər ödəniləcək. Eyni zamanda biz sizin Avropaya gəlişiniz zamanı tibbi müayinə və müalicənizi də planlaşdırırıq”, Roberta Metsola vurğulayıb.
Metsola məktubunu İbadoğlunun azadlığa çıxması və şəxsi görüşmək ümidlərilə yekunlaşdırıb, Avropanın təzyiqlərə məruz qalanları dəstəkləmək öhdəliyini təsdiqləyib.
2023-cü ilin iyulun 23-də saxlanılan Qubad İbadoğlu saxta pul və dini ekstremist materiallar hazırlamaqda və satmaqda ittiham edilərək həbs edilib. O, ittihamları rədd edib və həbsinin siyasi sifariş olduğunu deyib.
Həbsdə olarkən səhhəti pisləşən Qubad İbadoğlunun azad edilməsinə dair çoxsaylı çağırışlar edilib. Bu il aprelin 22-də onun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
İbadoğlunun yaxınları onun cərrahi əməliyyat tələb edən ürək xəstəliyindən əziyyət çəkdiyini, xaricdə keyfiyyətli müalicə almasına ehtiyac olduğunu vurğulayır. Ancaq o, barəsindəki cinayət işi çərçivəsində tətbiq edilən səyahət qadağasına görə ölkəni tərk edə bilmir.
COP29 üçün Bakıda olan Norveçin beynəlxalq inkişaf naziri Anne Beate Tvinneraym ötən həftəsonu Qubad İbadoğlu ilə görüşərək onun vəziyyəti barədə narahatlıq ifadə edib.
“Doktor Qubad İbadoğlu ilə görüşməyə çox şadam. Mən onun və bir çoxunun səhhətində problemlər olan digər həbs edilmiş fəalların vəziyyətindən çox narahatam. Qanuni vətəndaş fəaliyyətinə görə həbs əsas hüquqları pozur. Adekvat tibbi xidmət humanitar öhdəlikdir”, Tvinneraym deyib.
Norveçli nazir insan hüquqları məsələsini azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə də qaldırıb.
Noyabrın 22-də Bakıda Turan informasiya agentliyinin redaksiyasını ziyarət edən Almaniyanın xarici işlər naziri Annalena Berbok vətəndaş cəmiyyətinin nümayəndələri, o cümlədən Qubad İbadoğlu ilə görüşüb. Almaniyalı nazir Azərbaycanda insan haqlarının vəziyyəti, media işçilərinin, fəalların və müxalifət nümayəndələrinin həbsinin böyük narahatlıq doğurduğunu ifadə edib.
Avropa Parlamenti 2023-cü ilin sentyarbrında və bu ilin aprelində İbadoğluna qarşı ittihamların və səyahət qadağasının ləğv edilməsinə, insan hüquqlarını pozan azərbaycanlı rəsmilərə qarşı hədəfli sanksiyalara çağıran iki qətnamə qəbul edib.
Parlament oktyabrın 24-də Azərbaycanda COP29 ərəfəsində insan hüquqlarının vəziyyəti ilə bağlı yeni qətnamə də qəbul edib, yenidən İbadoğlu və digər siyasi məhbusların azad edilməsinə, siyasi təqiblərə son qoyulmasına çağırıb.
Azərbaycan rəsmiləri isə bu cür çağırışları qərəzli hesab edir, vətəndaşların bütün hüquq və azadlıqlarının qorunduğunu iddia edirlər.
Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.
Beynəlxalq insan hüquqları təşkilatları isə Azərbaycanda insan hüquqları göstəricilərinin uzun illərdir pis olduğunu, hökumətin müntəzəm olaraq hüquq müdafiəçilərini, jurnalistləri və müstəqil vətəndaş cəmiyyəti fəallarını hədəf aldığını, COP29 ərəfəsində repressiyaların daha da kəskinləşdiyi qeyd edirlər.
Yerli insan hüquqları təşkilatlarının hazırladığı siyahıya əsasən, hazırda Azərbaycanda 300-dən çox siyasi məhbus var.
Forum