Accessibility links

Almaniya Xarici İşlər naziri: Azərbaycanda media işçiləri,  fəallar və müxalifət nümayəndələrinin həbsi narahatlıq doğurur


 Almaniya xarici işlər naziri Annalena Berbok  
Almaniya xarici işlər naziri Annalena Berbok  

COP29-da iştirak edən Almaniya xarici işlər naziri Annalena Berbok noyabrın 21-də mətbuat konfransında Azərbaycanda insan haqları barədə sualı cavablandırıb.

“Azərbaycanda media işçilərinin, fəallarının və müxalifət nümayəndələrinin həbsi çox narahatlıq doğurur”, o bildirib.

Nazir xüsusi olaraq ev dustaqlığında olan Qubad İbadoğlunun ölkədən çıxışına qadağa qoyulmasını nümunə göstərib.

“Bu iqlim konfransından asılı olmayaraq, insan haqlarının vəziyyəti həmişə Almaniya və Azərbaycan hökuməti arasında müzakirələrin bir hissəsi olub. Almaniya hakimiyyət tənqidçilərinin azad edilməsinə tərəfdardır və Azərbaycanın xarici işlər nazirilə görüşdə bu məsələni qaldıracaq”, nazir qeyd edib.

Nazir həmçinin AŞPA və Azərbaycan arasında gərginliyə toxunaraq, Avropa Şurası Parlament Assambleyasının 76 üzvünə ölkəyə giriş qadağası qoyulmasını " qətiyyən qəbuledilməz" adlandırıb.

Azərbaycan rəsmiləri isə bu cür çağırışları bir qayda olaraq qərəzli hesab edir, vətəndaşların bütün hüquq və azadlıqlarının qorunduğunu iddia edirlər.

Rəsmi Bakı daha əvvəl jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.

Forum

XS
SM
MD
LG