“Biz Azərbaycan hökumətinə açıq şəkildə bildirdik ki, onlar jurnalistlərin öz işləri ilə məşğul olmaq hüququna hörmət etməlidirlər”.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller noyabrın 20-də ənənəvi brifinqdə “Azadlıq Radiosu”nun əməkdaşı Fərid Mehralızadənin həbsdə saxlanılması ilə bağlı suala cavabında bildirib.
Metyu Miller keçən həftə “The Hill”dən iqtisadçı alim Qubad İbadoğlunun azad edilməsi ilə bağlı dövlət katibinə göndərilən məktuba da münasibət bildirib.
“Biz buna ictimai şəkildə deyil, üzvlərə (məktubu göndərən şəxslərə - red.) məktubla cavab verəcəyik”, o qeyd edib.
Dövlət Departamentinin sözçüsü həbsdə olan siyasi məhbusların azad edilməsi üçün COP29-la bağlı fürsətin əldən verilməsi barədə suala cavabda deyib: “ABŞ-ın insan haqları məsələləri üzrə vəkilliyi heç bir konfransa bağlı deyil. Bizim bu sahədə fəaliyyətimiz COP-dan qabaq da olub, COP-dan sonra da davam edəcək”, o qeyd edib.
Xatırladaq ki, çoxsaylı beynəlxalq təşkilatlar, Azərbaycanın müxalifətdə olan bir neçə siyasi partiyası, yerli hüquq müdafiəçiləri, ABŞ-ın onlarla konqresmeni və senatoru COP29 ərəfəsində Azərbaycanda haqsız yerə həbsdə olan insanların azadlığa buraxılmasını tələb edən bəyanatlarla çıxış edib.
Bununla yanaşı Azərbaycan rəsmiləri bu bəynatları sərt tənqidlərlə qarşılayıb, təzyiq kimi qiymətləndirib. Ölkə rəhbərləri insanların əqidəsinə görə təqib edilmədiyini, siyasi məhbusların olmadığını biildirir.
Öz növbəsində, yerli hüquq müdafiəçilərinin son hesabtalarına görə, ölkədə 319 siyasi məhbus var. Siyasi məhbus kimi tanınanların iyirmidən çoxu jurnalistlər və media əməkdaşlarıdır.
Forum