Accessibility links

Tbilisi məhkəməsində jurnalist Əfqan Sadıqovun şikayəti üzrə hazırlıq iclası olub


Əfqan Sadıqov (Mənbə: Sosial şəbəkə)
Əfqan Sadıqov (Mənbə: Sosial şəbəkə)

Noyabrın 11-də Tbilisi Şəhər Məhkəməsində Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş azərbaycanlı jurnalist, Azərbaycanın Azel.Tv saytının rəhbəri Əfqan Sadıqovun Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin ona bu ölkədə beynəlxalq sığınacaq verməməsi qərarından şikayəti üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxıçı noyabrın 15-nə təyin edilib.

Bu barədə jrunalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Əfqan Sadıqov məhkəməyə gətirilməyib. Buna səbəb kimi onun aclıq nəticəsində səhhərində yaranmış problem gösrtərilib.

“Əfqan özü də məhkəmədə iştirak etmək istəyirdi. Vəkili də tələb etdi ki, jurnalistin məhkəmədə iştirakı təmin edilsin. Lakin hakim vəkilin vsatətini təmin etmədi”, o qeyd edib.

Sadiqova bildirib ki, həyat yoldaçı artıq 53 gündür aclıq edir.

“Aclığa başlayanda onun çəkisi 93 kiloqram idi. İndi 30 kiloqramadək çəki itirib. Son günlər isə çəkisi daha sürətlə azalır”, Sadıqova qeyd edib.

Azərbaycanlı jurnalist Əfqan Sadıqov 2023-cü il dekabrın 24-dən Gürcüstandadır və Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən verilmiş müvəqqəti yaşamaq icazəsinə malikdir.

İyulun 18-də Əfqan Sadıqov ailəsi ilə birlikdə Türkiyəyə getmək istəsə də, sərhədçilər ona icazə verməyiblər və bildiriblər ki, həyat yoldaşı və uşaqları sərhədi keçə bilər, lakin Əfqan Sadıqov yalnız Azərbaycana qayıda bilər. Gürcüstan tərəfində artıq Azərbaycanda ona qarşı cinayət işinin başlanması və axtarış elan edilməsi barədə məlumat olmasına baxmayaraq, səbəbi izah edilməyib.

Gürcüstan Prokurorluğunun məlumatına görə, Əfqan Sadıqova qarşı Azərbaycanda 2024-cü il mayın 9-da cinayət işi başlanıb. Mayın 13-də Azərbaycan tərəfi ekstradisiya tələbi ilə Gürcüstanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib.

Avqustun 2-də Əfqan Sadıqov “Gürcüstanın Hüquqları”nın vəkili ilə birlikdə Gürcüstanın ombudsmanı ilə görüşüb və onun Türkiyəyə buraxılmaması faktını müzakirə ediblər. Daxili İşlər Nazirliyi Əfqan Sadıqovun Gürcüstandan buraxılmamasının səbəbi ilə bağlı ombudsmanın ofisinə məlumat verməyib, habelə ona qarşı Azərbaycanda cinayət işinin başlanması və axtarış qərarı barədə məlumat verməyib.

Azərbaycanlı jurnalist avqustun 3-də Tbilisidə Mərkəzi Kriminal Polisinin nümayəndələri tərəfindən həbs edilib və o vaxtdan Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsindədir. Onun həyat yoldaşı və azyaşlı uşaqları həbsin şahidi olublar. Əfqan Sadıqov axtarışda olduğunu və barəsində Azərbaycanda cinayət işi açıldığını yalnız həbs olunandan sonra bilib.

İstintaqın məlumatına görə, Əfqan Sadıqovun həbsi Azərbaycanın tələbi ilə həyata keçirilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 188.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətdə - “hədə-qorxu ilə tələb etmə, tanımadığı şəxsin külli miqdarda əmlakını ələ keçirmə, təhqiredici məlumat yaymaqla hədələmə”də ittiham olunur.

Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovun barəsində həbs qətimkan tədbiri olaraq ekstradisiya həbsi qərarı verib.

Avqustun 8-də “Gürcüstanın Hüquqları” təşkilatının vəkilləri qərardan apellyasiya məhkəməsinə şikayət verərək, Əfqan Sadıqovun 3 aylıq ekstradisiya həbs cəzasının ləğv edilməsini, alternativ olaraq məhkəməyə girovdan istifadə olunmasını təklif edib. Eyni zamanda, Əfqan Sadıqov və vəkilləri Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə Gürcüstandan beynəlxalq sığınacaq verilməsi xahişi ilə müraciət edib.

Avqustun 13-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları”nın apellyasiya şikayətini qəbuledilməz hesab edib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.

Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə Azərbaycanda həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan Sadıqov həbsxanada 242 gün aclıq edib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Forum

XS
SM
MD
LG