Accessibility links

Vəkil Gürcüstanda həbsdə olan azərbaycanlı jurnalistə sığınacaq verilməməsindən məhkəməyə şikayət verib


Əfqan Sadıqov
Əfqan Sadıqov

Oktyabrın 16-da Gürcüstan Sosial Ədalət Mərkəzinin hüquqşünası, vəkil Keti Çutlaşvili Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş jurnalist Əfqan Sadıqova bu ölkənin Miqrasiya Departamentinin beynəlxalq mühafizə (sığınacaq) verilməsindən imtina etməsindən məhkəməyə şikayət verib.

Bu barədə Keti Çutlaşvili Amerikanın Səsinə bildirib.

“Miqrasiya Departamentinin qərarından, Tbilisi şəhər məhkəməsinə şikayət verdik. Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin məlumatına görə, Azərbaycanda Əfqan Sadıqova qarşı cinayət təqibi davam etsə də, bu, Avropa İnsan Hüquqları Konvensiyasında qeyd olunan “siyasi motivlərə görə təqib” sayılmır. Bundan əlavə, departament hesab edir ki, Əfqan Sadıqov Azərbaycanda ayrı-seçkilik xarakterli təqibə və ya qeyri-mütənasib cəzaya məruz qalmayacaq. Departamentin gəldiyi nəticə işin faktiki halları ilə birbaşa ziddiyyət təşkil edir ki, bunu isə Əfqan Sadıqovun uzun illər peşə fəaliyyəti ilə bağlı cinayət və inzibati məsuliyyətə cəlb olunması sübut edir. Sadıqov Azərbaycana ekstradisiya edilərsə, onu yenidən siyasi təqib, işgəncə və ya qeyri-insani rəftar gözləyir. Təəssüf ki, Miqrasiya Departamenti Əfqan Sadıqovun qeyd etdiyi faktiki hallarla bağlı lazımi araşdırma aparmayıb. Onların arasında onun siyasi məhbus hesab edildiyi və dərhal azadlığa buraxılmasını tələb etdiyi beynəlxalq təşkilatların (ABŞ Dövlət Departamenti, Hollandiya Xarici İşlər Nazirliyi, Amnesty International, Human Rights Watch) bəyanatları var”, vəkil qeyd edib.

Vəkil hesab edir ki, Miqrasiya Departamentinin Azərbaycan Respublikasında kütləvi insan hüquqlarının pozulmaması və ya cəzaçəkmə müəssisələrində şəraitin və məhkumlarla rəftarın qeyri-insani və pis rəftar səviyyəsinə çatmaması ilə bağlı qiymətləndirməsi tamamilə əsassızdır.

“Bu, ölkə haqqında daxil olan məlumatlarla birbaşa ziddiyyət təşkil edir. Azərbaycanda hökuməti tənqid edən jurnalistlərin və fəalların hüquqlarının ən çox pozulduğu göstərilir. İddia müddətinə gəlincə, məhkəmə işə 2-5 ay ərzində baxmalıdır, lakin Gürcüstan məhkəmələri çox vaxt bu müddətlərə əməl etmir və müddətlər çox vaxt keçir”, o qeyd edib.

Keti Çutlaşvili bildirir ki, dünən, oktyabrın 15-də tibb müəssisəsində Əfqan Sadıqova baş çəkdib.

“O, aclıq aksiyasını davam etdirir. Səhhətinə gəlincə, 26 gün aclıq etdiyi üçün özünü halsız hiss edir”, vəkil Amerikanın Səsinə deyib.

Xatırladaq ki, oktyabrın 14-də Gürcüstan həbsxanasında aclıq edən jurnalist Əfqan Sadıqovun səhhəti kəskin pisləşib. Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib ki, səhhətinin ağırlaşmasına baxmayaraq Əfqan Sadıqov aclığı sonadək davam etdirəcəyini bildirib.

Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş jurnalist Əfqan Sadıqovun oktyabrın 7-də səhhəti pisləşdiyindən bu ölkənin Penitensiar Xidmətinin Tibb müəssisəsinə köçürülüb.

Bundan öncə, jurnalistin hüquqlarını müdafiə edən “Gürcüstanın Hüquqları” təşkilatı Əfqan Sadıqovun səhhətinin daha da pisləşməsinin qarşısını almaq üçün müvafiq tibb müəssisəsinə köçürülməsi üçün cəzaçəkmə müəssisəsinə müraciət edib.

Əfqan Sadıqov 2024-cü il sentyabrın 16-da Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin ona Gürcüstanda beynəlxalq mühafizə (sığınacaq) verilməsindən imtina etməsindən sonra sentyabrın 21-də aclıq aksiyasına başlayıb.

Azərbaycanlı jurnalist Əfqan Sadıqov 2023-cü il dekabrın 24-dən Gürcüstandadır və Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən verilmiş müvəqqəti yaşamaq icazəsinə malikdir.

İyulun 18-də Əfqan Sadıqov ailəsi ilə birlikdə Türkiyəyə getmək istəsə də, sərhədçilər ona icazə verməyiblər və bildiriblər ki, həyat yoldaşı və uşaqları sərhədi keçə bilər, lakin Əfqan Sadıqov yalnız Azərbaycana qayıda bilər. Gürcüstan tərəfində artıq Azərbaycanda ona qarşı cinayət işinin başlanması və axtarış elan edilməsi barədə məlumat olmasına baxmayaraq, səbəbi izah edilməyib.

Gürcüstan Prokurorluğunun məlumatına görə, Əfqan Sadıqova qarşı Azərbaycanda 2024-cü il mayın 9-da cinayət işi başlanıb. Mayın 13-də Azərbaycan tərəfi ekstradisiya tələbi ilə Gürcüstanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib.

Avqustun 2-də Əfqan Sadıqov “Gürcüstanın Hüquqları”nın vəkili ilə birlikdə Gürcüstanın ombudsmanı ilə görüşüb və onun Türkiyəyə buraxılmaması faktını müzakirə ediblər. Daxili İşlər Nazirliyi Əfqan Sadıqovun Gürcüstandan buraxılmamasının səbəbi ilə bağlı ombudsmanın ofisinə məlumat verməyib, habelə ona qarşı Azərbaycanda cinayət işinin başlanması və axtarış qərarı barədə məlumat verməyib.

Azərbaycanlı jurnalist avqustun 3-də Tbilisidə Mərkəzi Kriminal Polisinin nümayəndələri tərəfindən həbs edilib və o vaxtdan Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsindədir. Onun həyat yoldaşı və azyaşlı uşaqları həbsin şahidi olublar. Əfqan Sadıqov axtarışda olduğunu və barəsində Azərbaycanda cinayət işi açıldığını yalnız həbs olunandan sonra bilib.

İstintaqın məlumatına görə, Əfqan Sadıqovun həbsi Azərbaycanın tələbi ilə həyata keçirilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 188.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətdə - “hədə-qorxu ilə tələb etmə, tanımadığı şəxsin külli miqdarda əmlakını ələ keçirmə, təhqiredici məlumat yaymaqla hədələmə”də ittiham olunur.

Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovun barəsində həbs qətimkan tədbiri olaraq 3 aylıq ekstradisiya həbsi qərarı verib.

Avqustun 8-də “Gürcüstanın Hüquqları”nın vəkilləri qərardan apellyasiya məhkəməsinə şikayət verərək Əfqan Sadıqovun 3 aylıq ekstradisiya həbs cəzasının ləğv edilməsini, alternativ olaraq məhkəməyə girovdan istifadə olunmasını təklif edib. Eyni zamanda, Əfqan Sadıqov və vəkilləri Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə Gürcüstandan beynəlxalq sığınacaq verilməsi xahişi ilə müraciət edib.

Avqustun 13-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları”nın apellyasiya şikayətini qəbuledilməz hesab edib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.

Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə Azərbaycanda həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan Sadıqov həbsxanada 242 gün aclıq edib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Forum

XS
SM
MD
LG