Avropa Parlamenti oktyabrın 24-də Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.
Parlament qətnaməsində BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu konfransı (COP29) ərəfəsində Azərbaycanda fəallara, jurnalistlərə, müxalifət liderlərinə qarşı nəzərəçarpacaq dərəcədə güclənən repressiyaları pisləyib.
“[Avropa Parlamenti] Azərbaycan hakimiyyətini siyasi baxışlarına görə özbaşına həbs edilmiş bütün şəxsləri azad, bütün siyasi motivli ittihamları ləğv etməyə və həm Azərbaycan daxilində, həm də onun hüdudlarından kənarda repressiyaların bütün formalarını dayandırmağa çağırır”, qətnamədə qeyd edilir.
Avropa Parlamenti hesab edir ki, Azərbaycanda davam edən insan hüquqları pozuntuları ölkənin COP29-a ev sahibliyi etməsi ilə bir araya sığmır və bunu nəzərə alaraq Aİ liderlərini, xüsusən də Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni konfransdan istifadə edərək Azərbaycana beynəlxalq öhdəliklərini xatırlatmaq və Azərbaycan hakimiyyəti ilə təmaslarında insan haqlarının vəziyyətinə toxunmağa çağırır.
Səsvermədə iştirak edən deputatlardan 453-ü qətnamənin lehinə, 31-i əleyhinə səs verib, 89 nəfər bitərəf qalıb.
Parlamentin Litvandan olan deputatı Rasa Yuknyaviçene səsvermədən sonra Amerikanın Səsinə deyib ki, mütləq çoxluğun qətnamənin lehinə səs verməsi Azərbaycan hakimiyyəti üçün xəbərdarlıq olmalıdır.
“Bu qətnamə Azərbaycan hakimiyyəti üçün bir növ mümkün həyəcan siqnalıdır ki, vəziyyət pisləşir və biz bu vəziyyəti izləyirik. Biz ilk dəfə Azərbaycandan Avropa İttifaqına qaz tədarükü ilə bağlı çox sərt mesaj verdik. Əlbəttə ki, bu, bizim tövsiyəmizdir, lakin biz insan hüquqlarının vəziyyəti izləməkdən, eləcə də həbsdə olan insanların hüquqlarını qorumaqdan əl çəkməyəcəyik”, Yuknyaviçene vurğulayıb.
Sənəddə hazırda həbsdə olan vətəndaş cəmiyyəti fəalları və jurnalistlərdən bir çoxunun, o cümlədən Tofiq Yaqublu, Akif Qurbanov, Bəxtiyar Hacıyev, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Ələsgər Məmmədli, Əziz Orucov, İlhamiz Quliyev, Anar Məmmədli, Fərid Mehralızadə, Bəhruz Səmədov, İqbal Əbilov, Emin İbrahimov, Famil Xəlilov və başqalarının adları çəkilir.
Avropalı deputatlar Azərbaycan hökumətindən ifadə və mətbuat azadlığını təmin etməyi tələb edir, müstəqil QHT-ləri və medianın fəaliyyətini qanundan kənara çıxarmağa xidmət edən repressiv qanunvericiliyi ləğv etməyə çağırır.
Bu ilin aprelində Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalarla bağlı qəbul edilən qətnamədə olduğu kimi Avropa Parlamenti bu dəfə də Avropa Komissiyasını Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığı dayandırmağa, Azərbaycanla hər hansı gələcək tərəfdaşlıq sazişini bütün siyasi məhbusların azad edilməsi və ölkədə insan hüquqlarının ümumi vəziyyətinin yaxşılaşdırılması ilə şərtləndirilməsinə çağırıb.
Parlament həmçinin yenidən Qubad İbadoğlunun işinə toxunaraq ona qarşı ittihamlara xitam verilməsinə və səhayət qadağasının aradan qaldırılmasına, insan hüquqlarını pozan azərbaycanlı rəsmilərə qarşı sanksiyalar tətbiq edilməsinə çağırıb.
Bundan əlavə, qətnamədə Azərbaycan-Ermənistan münasibətlərinə də toxunulur, tərəflər arasında sülh danışıqlarının vacibliyi vurğulanır, Azərbaycan sülh sazişinin əldə edilməsi istiqamətində həqiqi səylər nümayiş etdirməyə çağırılır.
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesindəki və danışıqlardakı irəliləyişi alqışlayan Avropa Parlamenti eyni zamanda Ermənistana qarşı hər hansı hərbi əməliyyatın Azərbaycanın Aİ ilə münasibətlərinə zərər verəcəyi barədə xəbərdarlıq edir.
Avropa Parlamentində oktyabrın 22-də baş tutan müzakirələrdə Avropa İttifaqı (Aİ) Azərbaycan hakimiyyətini əsassız yerə həbs edilənləri azad və beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyə çağırıb.
Rəsmi Brüssel adından çıxış edən Aİ Komissarı Nikolas Şmit COP29-un Azərbaycanın insan hüquqları öhdəliklərinə sadiqliyini nümayiş etdirməsi üçün fürsət olduğunu deyib.
“Bu, son bir ildə vətəndaş cəmiyyəti üçün məkanın daralması, müstəqil mediaya və müxalif səslərə qarşı repressiyaların güclənməsinə və özbaşına həbslərin sayının artmasına səbəb olan narahatedici tendensiyanı geri çevirmək üçün bir fürsətdir”, Şmit qeyd edib.
Rəsmi Bakı isə Nikolas Şmitin səsləndirdiyi bəyanatını “qəbuledilməz, əsassız və tamamilə qərəzli” adlandıraraq rədd etdiyini deyib, həbs edilən jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olmasını da təkzib edib.
“Bəzi Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görə cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud özlərini jurnalist və ya insan haqları müdafiəçisi kimi təqdim edən şəxslərlə bağlı cinayət işlərinin siyasi motivli olması iddiası kökündən yanlışdır”, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Azərbaycan hökuməti Avropa Parlamentinin qətnaməsinə hələlik münasibət bildirməyib. Ancaq azərbaycanlı rəsmilər isə bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini iddia edirlər.
Beynəlxalq insan hüquqları təşkilatları isə Azərbaycanda insan hüquqları göstəricilərinin uzun illərdir pis olduğunu, hökumətin müntəzəm olaraq cəmiyyətdə mühüm ictimai nəzarət rolunu oynayanları, o cümlədən hüquq müdafiəçilərini, jurnalistləri və müstəqil vətəndaş cəmiyyəti fəallarını hədəf aldığını vurğulayır.
Human Rights Watch (HRW) və Freedom Now yaydıqları son hesabatda Azərbaycanda COP29 ərəfəsində repressiyaların daha da kəskinləşdiyi qeyd edilir.
Forum