Accessibility links

Avropalı deputatlar Azərbaycanda siyasi təqibləri pisləyir


Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyaları pisləyir
please wait

No media source currently available

0:00 0:03:17 0:00

Avropa Parlamenti Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə, Avropa İttifaqını insan hüquqlarını pozan azərbaycanlı rəsmilərə qarşı hədəfli sanskiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.

Aprelin 25-də böyük səs çoxluğu ilə qəbul edilən “Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalar, doktor Qubad İbadoğlu və İlhamiz Quliyevin işi” başlıqlı qətnamə Azərbaycan hakimiyyətini həbsdə olan hüquq müdafiəçisi İlhamiz Quliyevi azad etməyə, bir neçə gün əvvəl ev dustaqlığına buraxılan Qubad İbadoğluna qarşı ittihamları və ölkədən çıxış qadağasını ləğv etməyə çağırır.

Səsvermədə iştirak edən 529 deputatdan 474-ü qətnamənin lehinə, 4-ü əleyhinə səs verib, 51 deputat isə bitərəf qalıb.

İlhamiz Quliyev və Qubad İbadoğlu ilə yanaşı Parlament Azərbaycan hakimiyyətini bütün digər siyasi məhbusları, o cümlədən Tofiq Yaqublu, Akif Qurbanov, Bəxtiyar Hacıyev, Elnur Şükürov, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Əziz Orucov, Əvəz Zeynallı, Ələsgər Məmmədlini azad etməyə çağırır.

“Biz bilirik ki, Azərbaycanda 300-ə yaxın siyasi məhbus var, biz bilirik ki, məhkəmə təqibləri, geri qalan müstəqil mediaya qarşı təzyiqlər var. Bu, bugünkü Azərbaycanın real mənzərəsidir”, Estoniyanın keçmiş xarici işlər naziri, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinə başçılıq edən Marina Kalyurand səsvermədən sonra Amerikanın Səsinə deyib.

Kalyurand əlavə edib ki, Aİ-nin həqiqi strateji tərəfdaşı olmaq və ya Rusiya və Belarusla eyni qrupda davam etmək qərarını Azərbaycan verməlidir.

Avropa Parlamenti həmçinin Avropa Komissiyasını Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxmağa çağırıb.

Sənəddə qeyd edilir ki, Azərbaycanla hər hansı gələcək tərəfdaşlıq sazişini bütün siyasi məhbusların azad edilməsi və ölkədə insan hüquqlarının ümumi vəziyyətinin yaxşılaşdırılması ilə şərtləndirilməlidir.

Almaniyadan olan deputat Matias Eke hesab edir ki, Avropa İttifaqı insan haqlarının vəziyyətini yaxşılaşdırılması üçün Azərbaycanla enerji tərəfdaşı kimi malik olduğu təsir imkanlarından istifadə etməlidir.

“Buna görə də biz enerji sahəsində strateji tərəfdaşlığ məsələsinə dayandırılması da nəzər alınmaqla yenidən baxılmasına çağırırıq. Biz həmçinin hazırda müzakirə olunan hər hansı gələcək saziş üçün insan hüquqlarına dair dolğun göstəriciləri şərt kimi göstəririk. Avropa İttifaqının edə biləcəyi şey budur və Avropa İttifaqı bu münasibətdə öz təsir imkanlarından istifadə etməlidir”, Matias Eke bildirib.

Matias Eke: Avropa İttifaqı öz təsir imkanlarından istifadə etməlidir
Matias Eke: Avropa İttifaqı öz təsir imkanlarından istifadə etməlidir

Almaniyalı deputat qeyd edilən məsələlərin Almaniya Kansleri Olaf Şolts və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı görüşdə də qaldırılacağına əmin olduğunu deyib.

“Kansler və Almaniya hökuməti vəziyyəti yaxşı bilirlər. Mən çox əminəm ki, bunlar iki hökumət başçısı arasında müzakirələrin bir hissəsi olacaq. Almaniya Avropa İttifaqının ən böyük üzvüdür, ona görə də onun bu məsələ ilə bağlı siyasəti Aİ-nin gördüyü işlərə uyğundur”, Matias Eke qeyd edib.

Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti və medianın fəaliyyətini məhdudlaşdıran “repressiv qanunvericiliyi” ləğv etməyə çağıran avropalı deputatlar əlavə edib ki, davam edən insan hüquqları pozuntuları Azərbaycanın BMT İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi etməsi ilə “bir araya sığmır”.

Azərbaycan Milli Məclisi: “obyektivlikdən uzaq qətnamə”

Öz növbəsində Azərbaycan Milli Məclisi aprelin 25-də bəyanat yayaraq Avropa Parlamentini İkinci Qarabağ müharibəsindən sonra “Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin” əlində alətə çevrilməkdə günahlandırıb.

Milli Məclis Avropa Parlamentinin “obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi” qiymətləndirdiyini, “yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları” qətiyyətlə rədd etdiyini vurğulayıb.

“Azərbaycan insan hüquqlarının və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir”, Milli Məclis bəyan edib və əlavə edib ki, “heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz”.

Forum

XS
SM
MD
LG