Accessibility links

Avropa Parlamentinin üzvləri Azərbaycan hakimiyyətini jurnalistləri azad etməyə çağırıb


Avropa Parlamenti üzvləri Azərbaycanda həbs edilən jurnalistlərə dəstək ifadə edib
Avropa Parlamenti üzvləri Azərbaycanda həbs edilən jurnalistlərə dəstək ifadə edib

Avropa Parlamentinin üzvləri Azərbaycanda həbs edilən jurnalistlərə dəstəklərini ifadə edib, Azərbaycan hakimiyyətini həbsdə olan jurnalistləri azad etməyə, müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa çağırıblar.

Parlamentin Almaniyadan olan deputatı Viola von Kramon prezident İlham Əliyevin Qarabağda qələbədən və Avropa İttifaqına qaz və neft ixracını artırmasından cəsarətlənərək ölkədə müstəqil medianı tam sıradan çıxarmağa çalışdığını qeyd edib.

“Azərbaycanda o qədər də müstəqil jurnalist qalmayıb. Onların əksəriyyəti ya həbs edilib, ya da müstəqil mediaya qarşı təzyiqlərə görə ölkəni tərk edib. İndi aydındır ki, Prezident Əliyev Qarabağda qələbəsindən, Avropa İttifaqının ona verdiyi imkanlardan - ticarət əlaqələrinin genişləndirilməsi, Avropaya qaz və neft ixracından daha da cəsarətlənib. O, indi özünü ölkədə qalan son müstəqil medianı da sıradan çıxara biləcək qədər güclü hesab edir”, von Kramon vurğulayıb.

Avropa Komissiyası 2022-ci ilin iyul ayında Azərbaycanla enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Almaniyalı deputat hesab edir ki, Aİ hazırda enerji ehtiyaclarından doğan asılılığa görə Əliyev hakimiyyətinə güzəştə gedir.

Avropa Parlamentinin üzvləri Azərbaycan hakimiyyətini jurnalistləri azad etməyə çağırıb
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Jurnalist həbslərinin, vətəndaş cəmiyyətinə qarşı təqiblərin Avropa İttifaqı üçün qəbuledilməz və qırmızı xətt hesab edilməli olduğunu deyən Parlamentin Çexiyadan olan deputatı Marketa Qreqorova, Avropa Komissiyasının Azərbaycanla Anlaşma memorandumunu yenidən nəzərədən keçirməli, hətta ləğv etməli olduğunu qeyd edib.

Şəxsən mən düşünürəm ki, Anlaşma memorandumunun davam etdirilməməsi mümkün variantlardan biridir. İkincisi isə əlbəttə, jurnalistləri və vətəndaş cəmiyyətini hədəf alan, onları həbsə atan, hətta işgəncəyə məruz qoyan rəsmilərə, hökumət nümayəndələrinə qarşı hədəfli sanksiyalar tətbiq etməkdir. Avropa İttifaqı qəti şəkildə bunu edə bilər. Azərbaycanlı hökumət nümayəndələrinin Avropada xeyli sayda aktivləri var. Rusiya nümunəsindəki kimi aktivlərə əl qoyula bilər. Jurnalistləri hədəf almağa davam edəcəkləri təqdirdə azərbaycanlı rəsmilərə qarşı da bu addımlar atıla bilər”, Qreqorova Amerikanın Səsinə deyib.

Avropa Parlamenti sentyabr ayında Qubad İbadoğlunun işi ilə bağlı qəbul etdiyi qətnaməsində də Azərbaycanda insan hüquqlarının, o cümlədən media azadlığının vəziyyətini tənqid edib, siyasi məhbusların azad edilməsinə, insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan azərbaycanlı rəsmilərə qarşı sanskiyalar tətbiq edilməsinə çağırıb.

Ötən bir neçə həftə ərzində Azərbaycanda ən az 8 jurnalist həbs edilib. Son olaraq dekabrın 13-də tanınmış araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb. Onun korrupsiya araşdırmaları ilə tanınan Abzas Media xəbər saytının əməkdaşlarına qarşı açılan cinayət işi çərçivəsində saxlanıldığı bildirilir.

Avropa Parlamenti üzvləri ilə yanaşı bu günədək bir sıra beynəlxalq insan hüquqları təşkilatları, AŞPA məruzəçiləri jurnalistlərin azad edilməsinə, müstəqil mediaya qarşı təzyiqlərə son qoyulmasına çağırıblar.

Forum

XS
SM
MD
LG